Rüstəm Orucov və daha iki cüdoçumuz idmandan getdi – Rəsmi

Cüdo üzrə Azərbaycan yığmasının sabiq üzvləri – Rüstəm Orucov, Orxan Səfərov və Məmmədəli Mehdiyevlə vida mərasimi keçirilib.

Arena.az xəbər verir ki, bir müddət öncə karyeralarını başa vurmağa qərar vermiş cüdoçularımızla vida mərasimi Bakıda təşkil olunmuş “Böyük Dəbilqə” turnirinin ikinci gününə təsadüf edib.

Yerli və beynəlxalq cüdo ictimaiyyəti idman aləmində silinməz iz qoymuş Azərbaycan cüdoçularını yola salıb. Bu həyəcanlı və təsirli tədbir Milli Gimnastika Arenasında baş tutub.

Burada idmançıların karyeraları boyunca göstərdikləri fədakarlıq, əzmkarlıq və cüdo dəyərlərinə dönməz sədaqət kimi xüsusiyyətləri örnək göstərilib.

Olimpiya çempionu, Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Elnur Məmmədli federasiya adından karyeralarını başa vurmuş idmançıları təltif etmək üçün tatamiyə buyurub. Mükafatlandırma mərasimi Rüstəm Orucovun səhnəyə çıxması ilə başlayıb. Orucov səmimi çıxışında ona inanan, sarsılmaz dəstək olan valideynlərinə və məşqçilərinə minnətdarlığını bildirib. O, həmçinin həmişə onun yanında olan Azərbaycan xalqına dərin minnətdarlığını bildirib. Peşəkar karyerasını başa vurmasına baxmayaraq, Rüstəm Orucov bütün gələcək planlarının bu idman növü ilə sıx bağlı olması ilə cüdonun həmişəlik həyatının bir parçası olaraq qalacağını vurğulayıb.

Daha sonra təltif üçün səhnəyə Orxan Səfərov buyurub. O, Azərbaycan xalqına, beynəlxalq cüdo ictimaiyyətinə və bütün cüdo həvəskarlarına salamlarını çatdırıb. Orxan göstərdikləri sarsılmaz dəstəyə görə hər kəsə dərin minnətdarlığını bildirib.

Nəhayət, Məmmədəli Mehdiyev mükafatlandırma mərasimi üçün səhnəyə çıxıb. O, əlamətdar karyerası boyunca ona dəstək olan hər kəsə ürəkdən təşəkkürünü bildirib.

Tədbir emosiyalar, həyəcan və göz yaşları ilə yadda qalıb. Karyerasını bitirmiş idmançıların nailliyətləri haqqında videoçarx nümayiş olunub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: