Futbol üzrə Azərbaycan Premyer Liqasında mübarizə aparan “Səbail” komandasının qış hazırlıq planı müəyyənləşib.
Arena.az xəbər verir ki, bu barədə paytaxt klubunun rəsmi saytı məlumat yayıb.
Xəbərdə bildirilir ki, Şahin Diniyevin rəhbərlik etdiyi komanda 2023/2024 mövsümünün ikinci yarısına Türkiyənin Antalya şəhərində hazırlaşacaq. 5-17 yanvar tarixlərini əhatə edəcək təlim-məşq toplanışı zamanı “dənizçilər” “Miracle Resort” hotelində məskunlaşacaqlar.
“Səbail” Antalyada 2 yoxlama oyunu keçirəcək. Rəqiblər də məlumdur. Belə ki, Azərbaycan klubu yanvarın 12-də Rumıniya Super Liqa təmsilçisi “Universitatya” (Kluj) ilə üz-üzə gələcək. Yanvarın 15-də isə Rusiya Premyer Liqasında mübarizə aparan “Fakel” komandası ilə görüş baş tutacaq.
Xatırladaq ki, “dənizçilər” bu mövsüm Premyer Liqada geridə qalan 17 turdan sonra 26 xalla 3-cü pillədə qərarlaşıblar.


