Bu həftə baş tutan 1/8 final mərhələsində “Şamaxı”ya 6 cavabsız qolla qalib gələn “Səbail” Azərbaycan Kuboku tarixində ilkə imza atıb.
Arena.az xəbər verir ki, Şahin Diniyevin yetirmələri iki ardıcıl oyunda fərqli rəqiblərin qapısına 6 və ya daha çox qol vurmağı bacaran ilk komanda olub.
Bakı klubu Azərbaycan Kubokunun 2-ci təsnifat mərhələsində “Şəfa”nı 7:0, 1/8 finalda isə “Şamaxı”nı 6:0 hesabı ilə məğlub edib. 1992-ci ildən keçirilən Azərbaycan Kubokunda buna qədər yalnız üç komanda ardıcıl iki oyunda 6 və ya daha çox qol vurub.
Lakin həmin komandalar eyni rəqiblə mərhələnin hər iki matçında məhsuldarlıq göstərib. 2003/04 mövsümündə “Şəfa” “Lider-Qarabağ”ı (14:0, 8:1), dörd il sonra “Gənclərbirliyi” “Ədliyyə”ni (6:1, 6:0), növbəti turnirdə “Simurq” Quba “Şahdağ”ını (7:1, 8:0) iki dəfə məğlubiyyətə uğradıb.
Qeyd edək ki, “Səbail” Azərbaycan Kubokunun 1/4 finalında “Zirə” ilə qarşılaşacaq. Bu mərhələnin oyunları ev-səfər prinsipi ilə keçiriləcək. 1/4 finalın ilk oyunları yanvarın 30-31-də, cavab görüşləri isə fevralın 6-7-də baş tutacaq.


