Şəhla Allahverdiyeva Polşada yarımfinala yüksəldi

Qadın boksçulardan ibarət Azərbaycan millisinin üzvü Şəhla Allahverdiyeva Polşada keçirilən beynəlxalq turnirdə yarımfinala yüksəlib. Arena.az xəbər verir ki, Polşanın Pultusk şəhərində təşkil olunmuş beynəlxalq turnirdə ötən gün 1/4 final mərhələsinə yekun vurulub.

Döyüşlərin yekununa əsasən Azərbaycan millisinin yalnız bir boksçusu qələbə qazanıb. 66 kq çəkidə rinqə çıxan Şəhla Allahverdiyeva Asuteya Ausiuteni (Litva) 4:1 (30:27, 30:27, 29:28, 29:28, 27:30) hesabı ilə məğlub edib. O, yarımfinala yüksəlməklə özü üçün ən azı bürünc medalı da təmin edib.

Allahverdiyeva finala gedən yolda fransalı Fatia Benmessahellə üz-üzə gələcək.

Millimizin digər boksçularından Mehparə Məmmədova (48 kq) Olqa Şlimovaya (Ukrayna), Anaxanım İsmayılova (50 kq) Zlatislava Çukanova-Giorgiyevaya (Bolqarıstan), Zeynəb Rəhimova (57 kq) Teresa Makinenə (Finlandiya), Aynur Rzayeva (75 kq) Kerri Devisə (İngiltərə), Məhsəti Həmzəyeva (57 kq) isə Svetlana Stanevaya (Bolqarıstan) məğlub olub.

Xatırladaq ki, yığmamız bu turnirə baş məşqçi Yadigar Məmmədov və məşqçi İlkin Ağayevin rəhbərliyi altında 6 boksçu ilə yollanıb. Yarışın qalibləri mayın 26-da bəlli olacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: