Azərbaycan cüdoçusu Səid Mollayi Portuqaliyanın Odivelas şəhərində təşkil olunmuş qran-pridə bürünc medal qazanıb.
Arena.az xəbər verir ki, Odivelas qran-prisində bu gün ikinci yarış gününün qalibləri müəyyənləşib.
İkinci yarış günündə Azərbaycan millisinin 3 cüdoçusu mübarizə aparıb. Onlardan yalnız biri mükafatçılar sırasına düşüb.
81 kq çəki dərəcəsində mübarizə aparan cüdoçumuz Səid Mollayi bürünc medal qazanıb. O, bürünc medal uğrunda görüşdə özbəkistanlı idmançı Nurbek Murtozoyevə qalib gəlib.
Bu gün tatamiyə çıxan digər cüdoçularımız – Rəşid Məmmədəliyev və Nurlan Osmanov (hər ikisi 73 kq) isə medal qazana bilməyiblər.
Xatırladaq ki, ötən gün Turan Bayramov (60 kq) və Kamran Süleymanov (66 kq) bürünc, Yaşar Nəcəfov (66 kq) gümüş medal qazanmışdılar.
Odivelasdakı qran-priyə yanvarın 28-də yekun vurulacaq. Azərbaycan yığması bu yarışa bütövlükdə 16 cüdoçu ilə yollanıb.


