Növbəti mövsüm üçün transfer çalışmalarını davam etdirən “Sabah” heyətinə daha bir yeni futbolçu cəlb edib. Arena.az xəbər verir ki, paytaxt klubu seneqallı futbolçu Abdulaye Banı transfer edib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Mərkəz müdafiəçisi ilə bağlanmış müqavilənin müddəti 1+1 ildir.
Abdulaye Ba karyerası ərzində Portuqaliyanın “Portu” (2012-2014), “Sportinq” (Kovilya, 2010/11), “Akademika” (2011/12), “Gimaraynş” (2013/14), “Moreyrense” (2020-2022) və “Aroka” (2021/22) klublarının formasını geyinib. Onun sonuncu iş yeri də məhz “Aroka” komandası olub. Futbolçu həmçinin İspaniyanın “Rayo Valyekano” (2014/15, 2017-2019), “Deportivo” (2019/20), Türkiyənin “Fənərbaxça” (2015/16), “Alanyaspor” (2016/17), Almaniyanın “Münhen 1860” (2016/17) və Rumıniyanın “Dinamo” (Buxarest, 2020/21) klublarında çıxış edib. O, Seneqal millisinin heyətində 6 oyun keçirib.
Abdulaye Ba “Sabah”da 13 nömrəli formada çıxış edəcək.
Xatırladaq ki, “Sabah” bu yay Tellur Mütəllimov, Anatoli Nuriyev, Davit Volkov, Nicat Mehbalıyev, Namik Ələskərov və Con İrasabalı da heyətinə qatmışdı. Paytaxt klubunda Boyan Letiç, Aleksey İsayev, Elvin Camalov, Bəxtiyar Həsənalızadə və Ceyhun Nuriyevlə də yeni müqavilə imzalanıb. Əvəzində Slavik Alxasov, Şpiro Periçiç, Xulio Sezar Rodriqes, Səlahət Ağayev, Xuan Kamara və Mixail Erqemlidze ilə yollar ayrılıb. Samir Məhərrəmli “Kəpəz”ə, Veysəl Rzayevlə Şakir Seyidov isə “Turan Tovuz”a icarəyə verilib.


