Azərbaycanın yunan-Roma güləşçisi Sabah Şəriəti Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında üçüncü yer uğrunda görüşə çıxıb.
Arena.az xəbər verir ki, 130 kq çəki dərəcəsində mübarizə aparan idmançımız iranlı Amin Mirzəzadə ilə üz-üzə gəlib.
Rio-2016-nın bürünc mükafatçısı olan Sabah Şəriəti 8 ildən sonra uğurunu təkrarlamaq üçün xalçaya çıxıb. Amma görüş güləşçimizin məğlubiyyəti ilə başa çatıb. İranlı idmançı 4:0 hesabı ilə qələbə qazandığından Sabah Olimpiadanı 5-ci yerdə bitirib.
Xatırladaq ki, Sabah Şəriəti Olimpiadada mübarizəyə 1/8 finaldan başlamışdı. O, startda estoniyalı Heiki Nabi ilə üz-üzə gəlmişdi. Görüş 1:1 hesabı ilə yekunlaşsa da, Şəriəti sonuncu xal prinsipinə əsasən mərhələ adlamışdı. 1/4 finalda qazaxıstanlı Alimxan Sızdıkovla qarşılaşan idmançımız bu rəqibinə də 4:0 hesabıyla qalib gəlmişdi. Yarımfinalda kubalı Mixain Lopes Nunyeslə üz-üzə gələn güləşçimiz 1:4 uduzaraq 3-cü yer uğrunda güləşmək məcburiyyətində qalmışdı.
Azərbaycanın bu Olimpiadada mübarizəyə qoşulmuş digər güləşçilərindən Murad Məmmədov və Mariya Stadnik də medal şansını itiriblər. Sənan Süleymanov isə Sabah Şəriətinin aqibətini yaşayıb. O, bu gün yarımfinalda uduzduğu üçün sabah bürünc medal uğrunda yarışacaq.
Azərbaycan Fransadakı Yay Olimpiya Oyunlarına bütövlükdə 48 idmançı ilə qatılıb. Hələlik iki cüdoçumuz – Hidayət Heydərov və Zelim Kotsoyev Olimpiya çempionu olub. Boksçu Alfonso Dominqes də özü üçün ən azı gümüş medalı təmin edib. Amma onun medalının əyarı final görüşündəki nəticəsindən asılı olacaq.
Qeyd edək ki, Paris-2024-ə avqustun 11-də yekun vurulacaq.


