Azərbaycanın yunan-Roma güləşçisi Sabah Şəriəti Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında növbəti görüşünə çıxıb.
Arena.az xəbər verir ki, 130 kq çəki dərəcəsində mübarizə aparan idmançımız yarımfinalda kubalı Mixain Lopes Nunyeslə üz-üzə gəlib.
Rəqibinə 1:4 hesabı ilə məğlub olan Şəriəti qızıl medal qazanmaq şansını itirib.
Təmsilçimiz sabah bürünc medal uğrunda görüşə çıxacaq. Onun rəqibi Amin Mirzəzadə (İran) – Seunqçan Li (Koreya) görüşünün qalibi olacaq.
Xatırladaq ki, Sabah Şəriəti Olimpiadada mübarizəyə 1/8 finaldan başlamışdı. O, startda estoniyalı Heiki Nabi ilə üz-üzə gəlmişdi. Görüş 1:1 hesabı ilə yekunlaşsa da, Şəriəti sonuncu xal prinsipinə əsasən mərhələ adlamışdı. 1/4 finalda qazaxıstanlı Alimxan Sızdıkovla qarşılaşan idmançımız bu rəqibinə də 4:0 hesabıyla qalib gəlmişdi.
Azərbaycanın yunan-Roma güləşi üzrə yığması Olimpiadada 5 idmançı ilə təmsil olunur. Bu gün mübarizəyə qoşulmuş digər güləşçimiz Murad Məmmədov startda Venesueladan olan Rayber Xose Rodriqez Oroskoya uduzub.
Qeyd edək ki, Paris-2024-ə avqustun 11-də yekun vurulacaq.
Azərbaycan Fransadakı Yay Olimpiya Oyunlarına bütövlükdə 48 idmançı ilə qatılıb. Hələlik iki cüdoçumuz – Hidayət Heydərov və Zelim Kotsoyev Olimpiya çempionu olub. Boksçu Alfonso Dominqes də özü üçün ən azı gümüş medalı təmin edib. Amma onun medalının əyarı final görüşündəki nəticəsindən asılı olacaq.


