Şahin Diniyev: “Risk etdik, bu da özünü doğrultdu”

“Səbail”in baş məşqçisi Şahin Diniyev Azərbaycan Premyer Liqasının 25-ci turu çərçivəsində “Qəbələ”yə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, o, 3:2 hesablı qələbəyə sevindikləri oyundan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Çox gərgin matç idi. Yaxşı komandaya qarşı oynadıq. Bizim ən böyük üstünlüyümüz əks-hücumlar idi. Sürətli oyunçularımız var. İlk hissədə istədiyimizi ala bilmədik. İkinci hissədə oyun sistemini dəyişdik. Nələrisə gözə alıb risk etdim. Risk etməsəydim, çətin olacaqdı. Bu gün risk özünü doğrultdu. Bunun nəticəsində qollar gəldi. Komanda bu gün xarakter göstərdi. Qələbə qazanacağımıza inanırdım. Futbolçularımın potensialına bələdəm. Bu gün heç-heçə də olsaydı, yenə sevinəcəkdim. 8-ci oyunumuzdur ki, geridönüş edirik. Bu, məni sevindirir. Marafonun finişinə yaxınlaşırıq. Artıq 11 addım qalıb. İstəməzdim uşaqların əziyyəti hədər getsin. Hər komandanın xal itirmək ehtimalı var”.

“Səbail” Qəbələdəki əzmkar qələbə sayəsində ikinci pilləyə yüksəlib. Şahin Diniyev bu pillədə qalmağın asan olmayacağını söyləyib:

“İkinci yerə qalxmaq asandır. Burada qalmaq isə çox çətindir. Rəqiblərin hər biri yüksək səviyyədə olan komandalardır. Bu gün çempionatda rəqabət var. “Qarabağ”ın Avropada uğurlu çıxışında bunun da rolu var. Artıq “Qarabağ” çempionatda tək ayaqla oynayıb qələbə qazanmır. Növbəti oyunumuz “Sumqayıt”a qarşı olacaq. Bu mövsüm bircə “Sumqayıt”dan xal ala bilməmişik. Bu gün onlar çox yaxşı futbol oynayır. Çətin olacaq”.

Sxadadze futbolçularının səviyyəsindən şikayətləndi

“Qəbələ”nin baş məşqçisi Kaxaber Sxadadze isə komandasının məğlubiyyətinə belə şərh verib:

“Nə deyə bilərəm? Əhvalım yaxşı deyil. Oyuna çox gözəl başladıq. Qırmızı vərəqə planlarımızı korladı. Rəqib standart vəziyyətlərdən istifadə etdi. Bundan başqa qol imkanları yox idi. “Qarabağ”la oyunun ilk hissəsində çox yaxşı çıxış etdik. Bu gün onun 10 qatını bacardıq. Nələrisə dəyişməyə çalışırıq. Sonradan oyuna girənlər keyfiyyət göstərmədilər. Ümumiyyətlə bəzi futbolçularımızın keyfiyyəti aşağıdır. Bunu demək istəmirdim. Amma məcburam. “Qarabağ”la matçda Fares Abu Akel rəqibə o cür müdaxilə etməməli idi. Bugünkü qırmızı vərəqə texniki səhvin nəticəsində oldu. Dəyişmək istədiyimiz çox şey var. Bu gün cinah müdafiəçilərini dəyişdik. Onların hansı vəziyyətdə olduğunu gördünüz. Asif Məmmədovun yaşı çox olduğu üçün ona istirahət verdik. Ehtiyat oyunçular skamyasında olanların performansından məmnun deyiləm. Ustalıq səviyyəsi aşağı olduğu üçün futbolçular qırmızı vərəqə alırlar. Hər dəfə yada salmalıyıq ki, qırmızıdan uzaq olun. Mən sona kimi mübarizə aparan insanam. Heç vaxt vaz keçməmişəm. Bu, “Standart”da da, “İnter”də də belə olub. Nə qədər ki, şans var, sona kimi mübarizə aparacağıq”.