Bu gün Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərində Beynəlxalq Şahmat Federasiyasının rəhbər heyətinin toplantısı keçirilib. Arena.az xəbər verir ki, görüşdə ali şahmat qurumunun məsul şəxsləri, o cümlədən qitələr üzrə federasiya rəhbərləri iştirak ediblər.
Mötəbər mərasimdə ölkəmizi Azərbaycan Şahmat Federasiyasının prezidenti, FİDE-nin vitse-prezidenti Mahir Məmmədov təmsil edib.
Toplantıda İspaniyanın Madrid şəhərində təşkil olunacaq şahmat üzrə İddiaçılar Turnirinin püşkatma mərasimi də keçirilib. Püşkə əsasən, Azərbaycan şahmatçısı Teymur Rəcəbova 4 rəqəmi qismət olub. Şahmatçımız ilk turda ağ fiqurlarla Fransa təmsilçisi Alireza Firuzcaya qarşı oynayacaq.
Xatırladaq ki, İddiaçılar Turniri iyunun 16-dan iyulun 7-dək İspaniyanın paytaxtı Madriddə təşkil olunacaq. Yarışda səkkiz güclü şahmatçı sırasında təmsilçimiz Teymur Rəcəbov da mübarizə aparacaq. İddiaçılar Turnirinin qalibi şahmat tacı uğrunda görüşdə dünya çempionu Maqnus Karlsenlə qarşılaşacaq.
Mahir Məmmədov iclasdan sonra Azərbaycan Şahmat Federasiyasının mətbuat xidmətinə açıqlama verib:
“FİDE rəhbər heyətinin iclasında mühüm məsələlər müzakirə edildi. Ali şahmat qurumu tərəfindən FİDE-nin vitse-prezidenti Anastasiya Sorokina Madrid şəhərinin ev sahibliyi edəcəyi İddiaçılar Turnirinin təşkilatçılığına məsul şəxs kimi təsdiqləndi. Püşk mərasimində ölkələri FİDE-də çalışan müxtəlif rəsmi şəxslər təmsil etdi. Məsələn FİDE-nin vitse-prezidenti Başar Kouatli turnirdə Fransanı təmsil edəcək Alireza Firuzcanın püşkdəki sıra nömrəsini müəyyənləşdirdi. Püşkə əsasən şahmatçımız Teymur Rəcəbəv ilk turda ağ fuqurlarla Alireza Firuzcaya qarşı çıxış edəcək. Artıq turnirin təqvimi məlumdur. Püşkün əhəmiyyəti odur ki, şahmatçının turlardakı rəqiblərini və hansı rəngdə fiqurlarla çıxış edəcəyini dəqiqləşdirir. İştirakçının hazırlıq prosesi üçün bu çox vacibdir. Rənglərin ardıcıllığı şahmatçıya görə çox önəmlidi”.
Mahir Məmmədov Azərbaycan Şahmat Federasiyasının İddiaçılar Turnirində çıxış edəcək Teymur Rəcəbovun hazırlıq prosesini nəzarətdə saxladığını bildirib: “Teymur Rəcəbov təcrübəli şahmatçıdır. Bu onun karyerasında ilk deyil, üçüncü İddiaçılar Turniri olacaq. Rəcəbov hazırlıq prosesində hər bir məqamı nəzərə almalıdır və fikrimizcə, bunu edir. Federasiya tərəfindən onun hazırlığı üçün lazımi kömək göstərilib. Mütəmadi olaraq onunla ünsiyyətdəyik, hazırlıq prosesini izləyirik”.


