İtaliyanin “Salernitana” komandasında baş məşqçi dəyişikliyi gerçəkləşib. Arena.az xəbər verir ki, A Seriyası təmsilçisi Stefano Kolantuono ilə yollarını ayırıb.
İstefaya komandanın uğursuz çıxışı səbəb olub. “Salernitana” A Seriyasında bu mövsüm keçirdiyi 23 oyunda cəmi 13 xal toplayıb və 20 iştirakçı arasında sonuncu pillədə qərarlaşıb.
Stefano Kolantuono 2021-ci ilin oktyabrından bu komandaya rəhbərlik edirdi. Sözügedən kollektiv 59 yaşlı italiyalı mütəxəssisin rəhbərliyi altında 16 oyuna çıxıb və cəmi 2 qələbə qazanıb. Qalan oyunlardan 3-ü heç-heçə, 11-i məğlubiyyətlə bitib.
Artıq komandanın yeni baş məşqçisi də məlumdur. A Seriyası təmsilçisini bundan sonra Davide Nikola çalışdıracaq. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Amma 48 yaşlı mütəxəssislə müqavilənin müddəti açıqlanmayıb. Son iş yeri “Torino” olan italiyalı məşqçi daha öncə “Cenoa”, “Udineze”, “Krotone”, “Bari” və “Livorno” kimi komandalara da rəhbərlik edib. O, ötən ilin yayından işsiz idi.


