“Şamaxı” futbol üzrə Azərbaycan Premyer Liqasında 2025/2026-cı illər mövsümünün qalan hissəsinin hazırlığına start verib.
Arena.az xəbər verir ki, əyalət təmsilçisi yanvarın 4-dən etibarən doğma meydanda hazırlıq keçir.
Ayxan Abbasov rəhbərlik etdiyi komanda qış təlim-məşq toplanışı zamanı iki yoxlama oyunu keçirəcək. Əyalət təmsilçisinin ilk rəqibi “Sabah” olacaq. Bu qarşılaşma yanvarın 11-də “Masazır Arena”da baş tutacaq. Növbəti oyunda isə Ayxan Abbasov komandasını Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət millisi ilə görüşdə sınaqdan keçirəcək. Bu oyun da yanvarın 17-də “Dalğa Arena”da keçiriləcək. Hər iki qarşılaşmaya saat 16:00-da start veriləcək.
Xatırladaq ki, “Şamaxı” cari mövsümün geridə qalmış hissəsində Azərbaycan Premyer Liqası çərçivəsində topladığı 20 xalla 7-ci pillədə qərarlaşıb. Komanda 16 oyunda 5 qələbə, 5 heç-heçə, 6 məğlubiyyət görüb.


