“Sumqayıt”ın baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının 34-cü turunda “Səbail”ə qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, o, 2:1 hesabı ilə qalib gəldikləri matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
“Futbolçularımı təbrik edirəm. Həftə içində onlar, əsasən də legionerlər canfəşanlıq göstərirdilər, azarkeşləri stadiona dəvət edirdilər. Bu gün yaxşı dəstək var idi. Zeynəb Məmmədyarova, İlham Zəkiyev, Rafael Ağayev, Murad Arif… Onların da hər birinə təşəkkür edirəm. Bizim o cür dostlarımız var. Məncə, bizə heç kim dəyə bilməz. Onlar yanımızda olanda başqa motivasiya olur. Oyuna gəldikdə, futbolçular psixoloji olaraq çox yükləniblər. Bu, yaxşı hal deyil. Avrokuboklarda çıxış etmək istəyirlər. Bunun qarşısını ala bilmərik. Bəlkə də bunun təyziqi bu cür oynamağa səbəb olur”.
“Səbail”in baş məşqçisi Şahin Diniyev isə komandasının məğlubiyyətinə belə şərh verib:
“Uduzmağımıza baxmayaraq, meydanda komanda var idi. “Sumqayıt”ı təbrik edirəm. Amma bu gün “Səbail” daha yaxşı futbol oynadı. Mənim üçün əsas oyundur. Oyun olduqda nəticə gələcək. 6-cı yer də bizim üçün nəticədir. Gələn il daha yaxşı olacağıq. Yeni komandayıq. Stabilliyin çatmaması normaldır. İtirdiyimiz xallar bizi çox məyus edir. Avrokuboklar uğrunda mübarizə aparan komandaların hər biri ilə başa-baş oynadıq. İrəli baxırıq, nikbinəm. Futbolçularımla fəxr edirəm. “Sumqayıt”ı 90 dəqiqə təzyiq altında saxladıq. Standart vəziyyətlərdən asan qollar buraxdıq. Bizim də penaltimiz var idi. O verilsəydi, oyun dəyişəcəkdi.
Daha yaxşı nəticəyə imza atmağımıza heyətin yeni olması imkan vermədi. Nə qədər rotasiyalar etmişəm. İdealı tapmaq üçün zaman lazımdır. 8 ayda bunları etmək çox çətindir. Biz “6-lıq” üçün oynayırdıq. Amma gələn il üç mövqeyi düzəldə bilsək, daha etibarlı oynayacağıq. “Səbail” avrokuboklarda oynamağa layiq komandadır. Amma futbol faktı sevir. Nəticələr ortadadır”.
Abasovdan Diniyevə cavab
Yeri gəlmişkən, “Sumqayıt”ın baş məşqçisi Samir Abasov rəqib həmkarı Şahin Diniyevin “Səbail”in bugünkü matçda daha yaxşı oynadığına dair dediklərinə də reaksiya verib:
“Artıq “Səbail”lə oyunlardan sonra dördüncü mətbuat konfransıdır ki, eyni sual verilir. Amma bu oyunların dördündə də biz qalib gəlmişik. Şahin müəllim mənim məşqçim olub. Belə görübsə, haqq qazandırıram. Doğrudan da “Səbail” yaxşı oynadı”.


