İtaliyanın “Latsio” klubu heyətini iki yeni futbolçu – mərkəz müdafiəçisi Samuel Jiqo və hücumçu Bulaye Dia ilə gücləndirib.
Arena.az bu barədə paytaxt təmsilçisinin rəsmi saytına istinadən xəbər verir.
Jiqo Marsel “Olimpik”indən, Dia isə “Salernitana”dan transfer olunub. “Latsio” onların hər ikisini bu mövsümün sonuna kimi satınalma şərti ilə icarəyə götürüb.
Samuel Jiqo karyerası ərzində “Arl-Avinyon”, “Kortreyk”, “Gent”, “Spartak” (Moskva) kimi klublarda da çıxış edib. 30 yaşlı fransalı müdafiəçi 2022-ci ildən formasını geyindiyi Marsel “Olimpik”ində 66 oyun keçirib, 5 qol vurub, 2 məhsuldar ötürmə müəllifi olub.
Bulaye Dia isə “Jura Sud”, “Reyms”, “Vilyarreal” kimi klublarda çıxış edib. O, 2022-ci ildən formasını geyindiyi “Salernitana”da 52 oyun keçirib, 22 qol vurub, 7 məhsuldar ötürmə verib. 27 yaşlı forvard 2020-ci ilin oktyabrında debüt etdiyi Seneqal yığmasında 28 oyuna 5 qol vurub.
“Latsio” iki futbolçusu ilə də yollarını ayırıb. Dayaq yarımmüdafiəçisi Danilo Kataldi “Fiorentina”ya keçib. Florensiya klubu 30 yaşlı futbolçunu bu mövsümün sonunadək satınalma şərti ilə icarəyə götürüb.
“Latsio”nun yetirməsi olan, bu klubun heyətində 246 oyuna 10 qol və 16 məhsuldar ötürmə ilə yadda qalmış Kataldi, daha öncə “Krotone”, “Benevento” və “Cenoa”da da icarədə olub. İtaliyanın U-18, U-19, U-20 və U-21 yığmalarında oynamış müdafiəçiyə əsas millidə debüt qismət olmayıb.
“Latsio”nun sol cinah müdafiəçisi Məhəmməd Fares də “Panserraikos”a keçib. Yunanıstan klubu da 28 yaşlı oyunçunu satınalma şərti ilə icarəyə götürüb. Əlcəzairli futbolçu “Latsio”da 29 oyun keçirib, 1 məhsuldar ötürmə ilə yadda qalıb. O, “Verona”, SPAL, “Breşiya”, “Cenoa” kimi klublarda da forma geyinib. Fares Əlcəzair yığmasında 12 oyuna çıxıb.


