Sandro Tonali satıldı, “Milan” 70 milyon avro qazandı

İtaliya milli komandasının və “Milan”ın dayaq yarımmüdafiəçisi Sandro Tonali İngiltərənin “Nyukasl” klubuna transfer olunub.

Arena.az xəbər verir ki, Premyer Liqa təmsilçisi nəhayət ki, bu transferi rəsmən açıqlayıb.

İngilislər bu keçidə görə “Milan”a 70 milyon avro ödəyəcəklər. 23 yaşlı futbolçu ilə yeni klubu arasındakı müqavilə isə 2028-ci ilin 30 iyununa qədər nəzərdə tutulub. Sandronun gələcəkdəki mümkün satışdan əldə olunacaq gəlirin də 10 faizi İtaliya klubuna çatacaq.

Tonalinin “Nyukasl”da ilinə 7 milyon avro qazanacağı bildirilir. Bu rəqəmlər doğrudursa, Sandro Tonali futbol tarixinin ən bahalı italyan futbolçusudur.

Xatırladaq ki, Sandro Tonali qarşısına “Milan”ın əfsanəvi oyunçuları Franko Barezi, Paolo Maldini, Cennaro Qattuzo kimi, karyerasını sonacan “Milan”la davam etmək məqsədini qoymuşdu. O, “rossoneri” azarkeşləri tərəfindən sevilirdi. Tonaliyə “sağsağanlar”ın heyətinə transfer olunacağı xəbəri veriləndə futbolçu göz yaşlarına qərq olmuşdu.

“Breşiya”nın yetirməsi olan Tonali peşəkar karyerasına da məhz bu klubda başlayıb. “Milan” onu 2020-ci ildə əvvəlcə icarəyə götürmüş, 2021-ci ilin yayında isə 14,5 milyon avro ödəməklə transfer hüquqlarını almışdı. Yarımmüdafiəçi bu komandanın heyətində meydana çıxdığı 130 oyunda 7 qol və 13 məhsuldar ötürmə müəllifi olub. Futbolçunun “Breşiya” karyerası isə 89 oyun, 6 qol və 16 assistdən ibarətdir.

Tonali İtaliya yığmasında 2019-cu ildə debüt edib. O, “mavi eskadra”nın heyətində 14 oyun keçirib.

“Nyukasl” iki futbolçusu ilə də yollarını ayırıb. Premyer Liqa klubu mərkəz müdafiəçisi Kiran Klark və dayaq yarımmüdafiəçisi Metti Lonqstaffla vidalaşıb. Müqaviləsinin müddəti bitən futbolçularla yeni sözləşmə imzalamağa ehtiyac duyulmayıb.

Metti Lonqstaff “Nyukasl”ın öz yetirməsi idi. 23 yaşlı ingilis futbolçu bu klubun əsas komandasında cəmi 20 oyuna çıxıb, 3 qol vurub. O, “Mansfild Taun”, “Kolçester Yunayted”, “Aberdin” kimi klublarda icarədə də oynayıb.

Kiran Klark isə “Nyukasl”a 2016-cı ilin avqustunda “Aston Villa”dan gəlmişdi. İrlandiyadan olan 33 yaşlı müdafiəçi bu komandada 129 oyuna çıxıb, 11 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. O, “Aston Villa”, “Şeffild Yunayted”də də forma geyinib, İrlandiya yığmasında 36 oyuna 2 qol vurub.