Moldova Futbol Federasiyası bu ölkənin milli komandasının baş məşqçisi Sergey Kleşenko ilə müqavilənin müddətini artırıb.
Arena.az xəbər verir ki, bu barədə Moldova Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Ancaq müqavilənin detalları barədə açıqlama verilməyib.
Kleşenkonun federasiya ilə əvvəlki müqaviləsinin müddəti 2024-cü ilin 31 dekabrında başa çatıb. Mətbuatın yazdığına görə, tərəflər arasındakı yeni müqavilənin müddəti də 2025-ci ilin 30 noyabrına qədər nəzərdə tutulub.
Sergey Kleşenko 2021-ci ilin dekabr ayından Moldova yığmasına rəhbərlik edir. Komanda onun rəhbərliyi altında bütövlükdə 32 oyun keçirib, 12 qələbə, 8 heç-heçə, 12 məğlubiyyət görüb. Top fərqi də xoşagələn deyil – 42:50.
Kleşenko daha öncə Moldova millisində Engin Fıratın və Roberto Bordinin köməkçisi kimi fəaliyyət göstərib. Bundan öncə isə o, Moldovanın gənclərdən ibarət yığmasına rəhbərlik edib. 52 yaşlı moldovalı mütəxəssis əvvəllər “Rostov”, “Leyriya” klublarında köməkçi-məşqçi, “Zimbru” və “Milsami”də baş məşqçi kimi də çalışıb.


