Şeydayev: “Azərbaycan millisini seçdiyimə qətiyyən peşman deyiləm”

Futbol üzrə Azərbaycan milli komandasının cinah hücumçusu Ramil Şeydayev yenicə müqavilə bağladığı “Soçi”nin rəsmi saytına müsahibə verib.

Arena.az xəbər verir ki, Ramil Şeydayev klubun mətbuat xidmətinə ilk geniş müsahibəsində aldığı təklifi niyə çox düşünmədən qəbul etdiyini, zəngin karyerasının ən yaddaqalan məqamlarını, “Qarabağ”la çempionluğu niyə ən dəyərli hesab etdiyini açıqlayıb.

O, həmçinin avrokuboklardakı çıxışlarını xatırlayıb və “bəbir”lərin heyətində yeni mərhələyə hansı məqsədlərlə başladığını bəyan edib:

— Ramil, “Soçi”yə xoş gəlmisən! Klubumuza keçid variantı necə yarandı? Təklif barədə çox düşündün?
— Əvvəla, çox sağ olun. Burada olduğum üçün şadam, komandaya kömək etmək istəyirəm. Təklif gəldi və çox düşünmədim. Hər şeyi müzakirə etdik, danışdıq və beləcə keçid baş tutdu. Sonda özümü burada tapdım.

— Artıq bir neçə gündür komanda ilə məşq edirsən. Adaptasiya necə keçir? Futbolçulardan kimi əvvəldən tanıyırdın?
— Hər şey əla gedir. Ümumiyyətlə, Rusiyada mənim xüsusi adaptasiyaya ehtiyacım yoxdur. Futbolçulardan Maks Kuzmini və İqor Kalinini tanıyırdım. Düşünürəm ki, heç kimlə problem olmayacaq. Çox mehriban kollektivdir.

— Son rəsmi matçını bir neçə ay əvvəl keçirmisən. Fiziki durumunu necə qiymətləndirirsən və optimal formaya düşmək üçün nə qədər vaxt lazım olacaq?
— Forma barədə düşünürəm ki, bunu məşqçilərdən soruşmaq daha yaxşıdır. Onlar məşqlərdə vəziyyətimi görürlər. Əlbəttə, istənilən halda formamı yaxşılaşdırmalıyam və hazırda bununla məşğulam. Artıq lazımi kondisiyaya yaxınlaşıram, ümid edirəm ki, hər şey çox tez qaydasına düşəcək.

“Qarabağ” karyeramdakı əsas klublardan biridir” – Ramil Şeydayev

— Rusiya, Slovakiya və Azərbaycan çempionu olmusan. Bu çempionluqlardan hansı sənin üçün daha xüsusidir?
— Yəqin ki, “Qarabağ”la Azərbaycanda qazandığım çempionluq. Orada bütün mövsüm oynadım, böyük iş gördüm və bombardir oldum. Yəqin ki, məhz bu titul mənim üçün ən xüsusidir.

— Karyeran ərzində beş ölkədə – Rusiya, Azərbaycan, Türkiyə, Slovakiya və Tailandda çıxış etmisən. Səncə, bu çempionatlar bir-birindən nə ilə fərqlənir?
— Ümumiyyətlə, futbol hər yerdə az-çox eynidir. Yəqin ki, iqlim şəraiti və insanların mentaliteti fərqlənir. Haradasa oyunlara daha çox, haradasa daha az azarkeş gəlir. Amma düşünürəm ki, futbol hər yerdə futboldur.

— Karyeranda “Qarabağ”ın xüsusi yeri var. Bu kluba üç dəfə qayıtmısan. Niyə belə alındı? Onu karyeranın əsas komandası hesab edirsən?
— Hər dəfə fərqli səbəblər və şərait olub. Bu barədə uzun danışmaq olar, çünki hər vəziyyətdə hadisələr fərqli cərəyan edib. Amma əlbəttə, “Qarabağ” karyeramdakı əsas klublardan biridir.

— Məhz “Qarabağ”ın heyətində avrokuboklarda debüt etdin və müntəzəm olaraq beynəlxalq arenada oynadın. Bu matçlar sənin üçün nə ifadə edirdi?
— Onları tez-tez xatırlamıram, amma əlbəttə, avrokuboklar həmişə möhtəşəm və çox maraqlıdır. Həm Çempionlar Liqası, həm də Avropa Liqası əla turnirlərdir. Böyük maraq və xüsusi atmosferin olduğu vaxtlarda həm evdə, həm də səfərdə oynamaq xoşdur.

— “Olimpiakos”un qapısına vurduğun qol karyeranın ən yaxşısıdır?
— Ola bilsin, ən yaxşı qollardan biridir. Amma düşünürəm ki, ən gözəl qollarımı milli komandada – Almaniya və Slovakiyaya qarşı vurmuşam. Yəqin ki, onlardan biri.

“Azərbaycan millisində çıxış etdiyim üçün şadam” – Ramil Şeydayev

— Rusiya gənclər millisi ilə Avropa çempionu olmusan, daha sonra Azərbaycan millisində çıxış etmək qərarına gəldin. Bu qərarı vermək nə dərəcədə çətin idi?
— Ətraflı danışsam, çox vaxt aparar. Əlbəttə, bu barədə düşündüm və qərarı dərhal vermədim. Rusiya gənclər millisindən Azərbaycan milli komandasına keçdim. Hadisələrin necə cərəyan etməsindən qətiyyən peşman deyiləm. Azərbaycan millisində çıxış etdiyim üçün şadam. Orada özümü çox yaxşı hiss edirəm, bura atamın vətənidir.

— Azərbaycan millisində 70-ə yaxın oyun keçirmisən və Almaniya, Xorvatiya kimi komandalara qol vurmusan. Özün üçün ən yaddaqalan qollar hansılardır?
— Yəqin ki, məhz Almaniya və Xorvatiyaya vurduğum qollar. Bu iki qol ən yaddaqalanlardır.

— Karyeranın əvvəlində “Zenit-2”-nin heyətində Birinci Liqada oynamısan. O vaxtdan 10 ildən çox vaxt keçib. İndi bu liqanı necə təsəvvür edirsən?
— O vaxt şərait fərqli idi. Bu, əsas komanda yox, “Zenit-2” idi. İndi isə “Soçi” ilə vəziyyət tamamilə başqadır. Əlbəttə, 10 il ərzində çox şey dəyişib. Hələlik konkret nələrin dəyişdiyini söyləmək çətindir, görəcəyik. Amma əminəm ki, liqa artıq fərqlidir.

— Qarşıdakı mövsümdə Birinci Liqadan nə gözləyirsən?
— Əsas gözləntim Premyer Liqaya yüksəlməkdir. Başqa məqsədin mənası yoxdur. Ümid edirəm ki, azarkeşləri məyus etməyəcəyik və bir ildən sonra artıq Premyer Liqada oynayacağıq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: