Paraqvaylı hücumameyilli yarımmüdafiəçi, daha öncə də Azərbaycanda oynamış Sezar Meza Kolli bundan sonra “Araz-Naxçıvan”da çıxış edəcək.
Arena.az xəbər verir ki, bu barədə Naxçıvan klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.
Xəbərdə bildirilir ki, “Araz-Naxçıvan” bu gün növbəti transferini reallaşdırıb. Əyalət təmsilçisi Sezar Meza Kolli ilə anlaşıb. Azad agent statusuna malik 33 yaşlı futbolçu mövsümün sonuna qədər “qırmızı-ağlar”ın formasını geyinəcək.
Sezar Meza Kollinin sonuncu iş yeri “Zirə” olub. O, bu ilin mart ayında paytaxt klubuna qoşulmuşdu. Ötən mövsüm 10 oyunda 2 qolla yadda qalan Sezar, bu yay sözügedən klubdan ayrılandan bəri işsiz idi.
Yarımmüdafiəçi 2016/2017 mövsümündə də “Zirə”nin şərəfini qoruyub. Həmin vaxt o, bu komandada 20 oyuna çıxıb, 4 qol vurub.
Meza Kolli Azərbaycanda “Keşlə” və “Neftçi” klublarının da formasını geyinib. O, İtaliyanın “Çezena”, “Paviya”, İspaniyanın “Alaves”, Rumıniyanın “Unversidad Krayova”, Səudiyyə Ərəbistanının “Ohod” klublarında çıxış edib.


