“İnter”in baş məşqçisi Simone İnzaqi İtaliya Super Kubokunun yarımfinalında “Latsio” üzərində qələbəsini (3:0) şərh edib.
Arena.az “Sport Mediaset” dərgisinə istinadən, italyan mütəxəssisin bu barədə fikirlərini təqdim edir:
“Uşaqlar çox yaxşı çıxış etdilər. Əla oynadıq, oyuna dərhal düzgün yanaşma tapdıq. Artıq finala yüksəldiyimiz üçün iki gün ərzində özümüzü toparlamalıyıq, çünki “Napoli” ilə oyun çətin olacaq. Əvvəllər heç vaxt bu tərtibatda oynamamışıq, amma indi futbol belədir və biz buna uyğunlaşmalıyıq.
Oyundan sonra uşaqları təbrik etdim, çünki onları izləməkdən çox zövq almışdım. Bu oyundakı çıxışımızın yeganə mənfi tərəfi odur ki, birinci hissədə etdiyimiz hər şeyi nəzərə alsaq, fasiləyə qədər cəmi bir qol vurduq. Amma sonda 3:0 hesabı ilə qalib gələ bildik, buna görə də məmnunam”, deyə Simone İnzaqi bildirib
Xatırladaq ki, “İnter” İtaliya Super Kubokunun finalında “Napoli” ilə qarşılaşacaq. Final oyunu çərşənbə günü, yanvarın 24-də Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçiriləcək.


