İtaliya nəhəngi “İnter” 49 yaşlı italyan mütəxəssis Simone İnzaqini “neradzurri”nin baş məşqçisi vəzifəsindən azad edib.
Arena.az bu barədə “İnter”in rəsmi saytına istinadən məlumat verir.
Vurğulanır ki, tərəflər müqaviləyə qarşılıqlı surətdə xitam vermək qərarına gəliblər.
Simone İnzaqi “neradzurri”nin sükanı arxasına 2021-ci ilin iyun ayında keçmişdi. İtalyan mütəxəssisin “İnter”lə müqaviləsinin müddəti 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədə idi.
İnzaqinin “İnter”lə macərası rəqəmlərin gözü ilə belə mənzərə yaradır: 217 oyun, 141 qələbə, 41 heç-heçə, 35 məğlubiyyət. “Neradzurri”nin top fərqi isə 427:192 nisbətindədir.
İtalyan mütəxəssis “İnter”ə bir dəfə (2023/2024) İtaliya A Seriyasını, 2 dəfə (2021/2022, 2022/2023) İtaliya Kubokunu, 3 dəfə isə (2021/2022, 2022/2023, 2023/2024) İtaliya Super Kubokunu qazandırıb. Həmçinin İnzaqinin “İnter”i 2022/2023-cü və 2024/2025-ci illər mövsümlərində Çempionlar Liqasının finalına yüksəlib, burada müvafiq olaraq “Mançester Siti”yə (0:1) və PSJ-yə (0:5) məğlub olub.
Xatırladaq ki, Simone İnzaqi “İnter”dən öncə 2016-2021-ci illər aralığında “Latsio”nu çalışdırıb.
Sonda onu da qeyd edək ki, “İnter”dən ayrılmış İnzaqi artıq yeni iş yerini də müəyyənləşdirib. O, Səudiyyə Ərəbistanı təmsilçisi “Əl-Hilal”ın təklifini qəbul edib. Bu barədə məşhur insayder Fabritsio Romano məlumat yayıb. 49 yaşlı mütəxəssisin Asiya klubu ilə 3 illik müqavilə imzalayacağı diqqətə çatdırılıb.


