Simone İnzaqi “Qızıl top”a namizədini açıqladı

“İnter”in baş məşqçisi Simone İnzaqi “neradzurri”nin argentinalı hücumçusu Lautaro Martinesi “Qızıl top”u qazanmağa layiq bilir.

Arena.az “Sky Sport Italia” dərgisinə istinadən, argentinalı mütəxəssisin bu barədə fikrini təqdim edir:

“Qızıl top”u qazanmaq üçün o, “İnter” və milli komandası ilə etdiklərini etməyə davam etməlidir. Mən hesab edirəm ki, o, dünyanın ən güclü beş oyunçusundan biridir. O, buna layiqdir”, deyə Simone İnzaqi vurğulayıb.

Xatırladaq ki, 2024-cü ildə Martines “İnter”lə İtaliya A Seriyasının qalibi olub və Argentina yığması ilə Amerika Kubokunu qazanıb. Hər iki yarışda Martines ən sərrast qolçu ünvanına sahib olub.

Lautaro Martines “İnter”ə 2018-ci ilin iyulunda 25 milyon avro məbləğ müqabilində Avelyaneda “Rasinq”indən keçib. Martinesin “İnter”lə müqaviləsi 2029-cu ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari ilin yayında Martinesə “İnter”in kapitan sarğısı həvalə edilib. Argentinalı cari mövsümdə bütün yarışlarda “İnter”in heyətində 9 oyuna çıxıb, 4 qol vurub, 3 məhsuldar ötürmə verib.

Lautaronun “neradzurri”nin heyətində çıxışının ümumi mənzərisi isə belədir: 291 oyun, 133 qol, 46 məhsuldar ötürmə.

Martines “neradzurri” ilə 2 dəfə İtaliya A Seriyasını, 2 dəfə İtaliya Kubokunu və 3 dəfə də İtaliya Super Kubokunu qazanıb, 2022/2023-cü illər mövsümündə isə UEFA Çempionlar Liqasının finalçısı olub.

Lautaro Martines 2018-ci ilin martında debüt etdiyi Argentina yığmasının heyətində 68 oyuna çıxıb, 30 qol vurub, 9 məhsuldar ötürmə verib. Hücumçu 2021-ci və 2024-cü illərdə Amerika Kubokunun, 2022-ci ildə Qətərdə keçirilmiş dünya çempionatının, həmçinin 2022-ci il Çempionların CONMEBOL-UEFA Kuboku çərçivəsində “Finalissima” oyununun qalibi olub.

“Transfermarkt” internet-portalı 27 yaşlı argentinalı mərkəz hücumçusunun transfer dəyərini 110 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: