Simone İnzaqi Romelu Lukakunun qərarına münasibətini bildirdi

“İnter”in baş məşqçisi Simone İnzaqi “Çelsi”nin belçikalı hücumçusu Romelu Lukakunun “neradzurri”yə baş tutmayan transferindən danışıb.

Arena.az bu barədə “TuttoMercatoWeb” portalına istinadən məlumat verir:

“Lukakunun qayıdışı? Bu əhvalat başqa bir sonluğa layiqdir”, deyə İnzaqi qısaca eyhamla “İnter”in daha Lukakunun xidmətində maraqlı olmadığını başa düşməyə imkan verib.

Daha əvvəl, “İnter”in Belçika yığmasının 30 yaşlı hücumçusu Romelu Lukakunu “Çelsi”dən transfer etməyə çalışdığı bir vaxtda, Lukakunun “İnter”in əzəli rəqibi “Yuventus”la gizli danışıqlar apardığı və Turin klubuna keçmək istəyi barədə məlumat ictimailəşmişdi. Bu xüsusda hiddətlənmiş “İnter” rəhbərliyi Lukaku ilə əməkdaşlığa bilmərrə xitam verdiyini bəyan etmişdi. Digər tərəfdən “İnter” azarkeşləri belçikalı hücumçunu xəyanətdə ittiham ediblər. “Qoca sinyora” isə bəzi səbəblərdən hələ Lukakunu transfer edə bilmir. Ortada qalmış Lukaku Avropada oynamaq istədiyindən, Səudiyyə Ərəbistanından gələn təklifləri də geri çevirib.

Öz növbəsində Lukaku “İnter”in baş məşqçisi Simone İnzaqini təqsirləndirərək, müvafiq addımını italyan baş məşqçinin həlledici oyunlarda ona etimad göstərməməsi ilə izah edib.

Geridə qalmış 2022/2023 mövsümündə Lukaku icarə əsasında “İnter”də çıxış edib və “neradzurri”nin heyətində 37 oyununa çıxıb, 14 qol vurub, 7 məhsuldar verib.

Lukakunun “Çelsi” ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.

“Transfermarkt” internet-portalı Lukakunu 40 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: