Simone İnzaqi yubiley oyununda qələbə qazandı

İtlaiya A Seriyasının 27-ci turunda “Cenoa” ilə ev oyunu (2:1) “neradzurri”nin italyan çalışdırıcısı Simone İnzaqi üçün əlamətdar olub.

Arena.az məlumat verir ki, İnzaqi məşqçilik karyerası ərzində A Seriyasında 300-cü oyununa çıxıb və məlum olduğu kimi, italyan mütəxəssisin yubiley oyunu “neradzurri”nin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Qələbə sayəsində “İnter” A Seriyasının yarış cədvəlində liderliyini daha da möhkəmləndirib. İndi “neradzurri”nin 72 xalı var və İnzaqinin yetirmələri ən yaxın təqibçisi “Yuventus”u (57 xal) 15 xal qabaqlayırlar.

İnzaqi A Seriyasında məşqçi olaraq çıxdığı 300-cü oyununda 179 qələbə qazanıb və müvafiq göstəricidə məşhur italyan mütəxəssislər – Karlo Ançelotti (300 oyun, 172 qələbə) və Massimiliano Alleqrini (300 oyun, 171 qələbə) üstələyib.

Simone İnzaqi müqaviləsi 2025-ci ilin yayında başa çatacaq “İnter”də gələcəyi ilə bağlı fikirlərini də paylaşıb:

“Mən burada xoşbəxtəm və azarkeşlərin və klubun məni dəstəklədiyini hiss edirəm. Önümüzdəki bir neçə ay ərzində bunu gücləndirməliyik, sonra isə oturub klubla danışıb son üç mövsümü dəyərləndirəcəyik. Bununla belə, mənim rəhbərlik və prezidentlə əla münasibətim var. Bizdə böyük ahəng var, hər şeyi sakitcə müzakirə edəcəyik”, – jurnalist Daniele Mari İnzaqinin sözlərini sitat gətirir.

Xatırladaq ki, daha əvvəl mətbuatda, “İnter”in İnzaqi ilə müqaviləsinin müddətini 2027-ci ilə qədər uzatmağı planlaşdırdığı haqda məlumat yayılmışdı.

“İnter”ə uğurla rəhbərlik edən italyan mütəxəssis “neradzurri”nin sükanı arxasına 2021-ci ilin iyununda keçib. İnzaqinin “İnter”lə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

İnzaqinin “İnter”ə rəhbərliyi rəqəmlərin gözü ilə belə mənzərə yaradır: 146 oyun, 98 qələbə, 24 heç-heçə, 24 məğlubiyyət. “Neradzurri”nin top fərqi isə 290:120 nisbətindədir.

İtalyan mütəxəssis “İnter”ə 2 dəfə İtaliya Kubokunu, 3 dəfə isə İtaliya Super Kubokunu qazandırıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: