Slot Aleksander-Arnoldun gələcəyi ilə bağlı sualı cavabladı

“Liverpul”un baş məşqçisi Arne Slot ingilis sağ cinah müdafiəçisi Trent Aleksander-Arnoldun gələcəyi ilə bağlı sualı cavablayıb.

Arena.az xatırladır ki, Aleksander-Arnoldun “Real”la müqavilə razılaşdırdığı və cari mövsümün sonunda, “qırmızlar”la müqaviləsinin başa çatması ilə “qaymaqlılar”ın düşərgəsinə keçəcəyi haqda məlumat var.

Slot ingilis futbolçu ilə bağlı duruma dair bunları söyləyib:

“Təəssüf ki, Trent zədəlidir. Ona bərpa gərəkdir, biz isə bu işdə ona kömək etməyə çalışırıq. Onun gələcəyi ilə bağlı suala gəlincə, bu məsələ məni narahat etmir. Bütün bu qəziyyə arıtq səkkiz ya doqquz aydır ki, davam edir. Bu müddət ərzində o, özünü əla göstərib. Elə, müqavilə müddəti başa çatmaqda olan digər oyunçular kimi”, – “Daliy Mail” dərgisi niderlandlı mütəxəssisdən sitat gətirir.

Trent Aleksander-Arnold “Liverpul”un yetirməsidir və 2016-cı ilin iyul ayından “qırmızılar”ın əsas komandasında çıxış edir.

İngiltərəli futbolçunun Mersisayd klubu ilə cari müqaviləsinin müddəti 2025-ci ilin iyun ayının sonuna qədər nəzərdə tutulub.

Cari mövsümdə Aleksander-Arnold “qırmızılar”ın heyətində bütün yarışlarda 39 oyuna çıxıb, 3 qol vurub, 7 məhsuldar ötürmə verib.

Aleksander-Arnoldun “Liverpul”un heyətində çıxışının ümumi mənzərəsi 349 oyun, 22 qol və 87 məhsuldar ötürmədən ibarətdir.

Aleksander-Arnold “Liverpul”la İngiltərə Premyer Liqasını (2019/2020), İngiltərə Kubokunu (2022), İngiltərə Liqa Kubokunu (2022, 2024), İngiltərə Super Kubokunu (2023), Çempionlar Liqasını (2018/2019), UEFA Kubokunu (2019/2020), FIFA Klub Dünya Kubokunu (2020) qazanıb.

Trent 2018-ci ilin iyun ayında debüt etdiyi İngiltərə yığmasının heyətində 33 oyuna çıxıb, 4 qol vurub, 6 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 26 yaşlı ingiltərəli sağ cinah müdafiəçisinin transfer dəyərini 75 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: