“Barselona”nın baş məşqçisi Xavi qalibiyyət faizinə görə son 15 ildə kataloniyalıların 2-ci ən pis məşqçisidir.
Arena.az bu barədə jurnalist Fran Martinesə istinadən məlumat verir.
Xavinin “Barselona”nın sükanı arxasında qələbə faizi 62,16%-dir. Hətta klubun sabiq çalışdırıcısı Enrike Setyen də keçirdiyi oyunların qələbə faizinə görə Xavini qabaqlayır – 64%. Bu göstəriciyə görə Xavi yalnız holland çalışdırıcı Ronald Kumanı (58,2%) üstələyir.
Xatırladaq ki, İspaniya La Liqasının 16-cı turunda Xavinin yetirmələri evdə “Jirona”ya 2:4 hesabı ilə məğlub olublar. Hazırda “Barselona” 34 xalla La Liqanın turnir cədvəlində 4-cüdür. “Jirona” isə 41 xalla La Liqada liderliyini sürdürür.
Xavi “Barselona”nı 2021-ci ilin noyabrından çalışdırır. Mütəxəssisin Kataloniya nəhəngi ilə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir. “Barselona” Xavinin məşqçilik karyerasında ilk nəhəng komandadır. Buna qədər ispan mütəxəssis Qətərin “Əl-Sədd” komandasını çalışdırıb və komandaya Qətərin yerli əhəmiyyətli bütün qənimətlərini qazandırmağı bacarıb.
Geridə qalmış 2022/2023 mövsümündə mütəxəssis “Barselona”ya İspaniya La Liqasını və İspaniya Super Kubokunu qazandırıb. Futbol ölçüləri ilə gənc sayıla biləcək məşqçinin 24 ili “Barselona”da keçib. Xavi futbolçu kimi 17 il “Barselona”nın əsas komandasında çıxış edib.


