Futbol üzrə Monteneqro milli komandasının hücumçusu Stevan Yovetiç Almaniyanın “Herta” klubundan ayrılmağa qərar verib.
Arena.az xəbər verir ki, 33 yaşlı futbolçu Bundesliqanı tərk etmək məcburiyyətində qalan komandada qalmaq istəməyib.
Bu üzdən də tərəflər vidalaşıblar. Təcrübəli forvard komandası üçün uğursuz alınan mövümdə Bundesliqada 17 matça çıxıb, 4 qol vurub. Amma “Herta” 34 oyuna cəmi 29 xal toplayaraq 18 iştirakçı arasında sonuncu yeri tutub və ikinci Bundesliqaya düşüb.
Xatırladaq ki, Stevan Yovetiç 2021-ci ilin iyul ayında “Monako”dan azad agent kimi ayrılaraq “Herta”ya keçmişdi. Təcrübəli forvard Bundesliqa təmsilçisində bütövlükdə 40 matça çıxıb. O, bu matçlarda 11 qol və 4 asistlə yadda qalıb.
Yovetiç daha öncə “Fiorentina” (134 oyun, 40 qol, 21 asist), “Monako” (77 oyun, 21 qol, 5 asist), “Partizan” (53 oyun, 17 qol, 10 asist), “Mançester Siti” (44 oyun, 11 qol, 6 asist), “İnter” (33 oyun, 7 qol, 4 asist) və “Sevilya”da (24 oyun, 7 qol, 5 asist) da oynayıb. O, Monteneqro yığmasında da 65 oyuna 31 qol vurub.