Stiv Mandanda Marsel “Olimpik”ini “Renn”ə dəyişdi

Futbol üzrə Fransa milli komandasının qapıçısı Stiv Mandanda Marsel “Olimpik”indən ayrılıb. Arena.az xəbər verir ki, bu barədə Liqa 1 klubunun rəsmi saytı məlumat yayıb.

Tərəflər arasındakı müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Halbuki, Mandandanın klubla müddəti 2024-cü ilin yayına qədər olan müqaviləsi vardı.

Stiv Mandanda 2007-ci ilin yayından “Olimpik”də çıxış edirdi. O, 2016/17 mövsümünü İngiltərənin “Kristal Pelas” klubunda keçirsə də, cəmi bir il sonra yenidən Marsel klubuna qayıdıb. Mandanda Fransa klubunun heyətində keçirdiyi 14 mövsümdə ərzində 613 matça çıxıb. Ötən mövsüm 20 oyuna çıxan qolkiper, 15 qol buraxıb.

Fransa yığmasının sabiq üzvü peşəkar karyerasına “Havr” klubunda başlayıb. O, milli komandada da 34 oyun keçirib.

Stiv Mandandanın yeni iş yeri də müəyyənləşib. 37 yaşlı qolkiper bundan sonra “Renn”in uğurları üçün çalışacaq. O, yeni klubu ilə 2 illik müqaviləyə imza atıb.

Yeri gəlmişkən, “Renn” baş məşqçisi Bruno Genesio ilə də yeni müqavilə bağlandığını açıqlayıb. Geridə qalan mövsümdə Liqa 1-in ən yaxşı məşqçisi seçilən fransalı mütəxəssislə 3 illik yeni sözləşmə imzalanıb. Onun əvvəlki müqaviləsinin müddəti bu yay bitirdi.

Bruno Genesio 2021-ci ilin martından “Renn”ə rəhbərlik edir. Sözügedən komanda onun rəhbərliyi altında meydana çıxdığı 61 oyunda 34 qələbə qazanıb, 11 heç-heçə edib, 16 məğlubiyyətlə üzləşib. 55 yaşlı mütəxəssis daha öncə Fransanın “Olimpik” (Lion), Çinin “Beijing Guoan” klublarında da baş məşqçi kimi çalışıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: