Keçmiş hakim, “Neftçi”nin sabiq vitse-prezidenti Tahir Süleymanov paytaxt klubunun hazırkı durumu ilə bağlı fikirlərini bölüşüb.
Arena.az xəbər verir ki, o, sosial şəbəkə hesabında “ağ-qaralar”la bağlı bunları qeyd edib:
“Neftçi”də sular durulmur. Artıq illərdi belədir…
Müxtəlif bəhanələrlə mövsümlər yola verilir, uğursuzluqlar ört-bastır edilməyə çalışılır, şaiyələr, manevlərlə “ümid ağacları əkilir”..
Strateji və faktiki klubu idarə edənlərin dəstəkçiləri, havadarları da yerindədir. Futbol meydanlarında bacarmasalar da, kabinetlərdə sona kimi döyüşürlər/döyüşəcəklər, çarpışırlar/çarpışacaqlar…
“Neftçi”nin nüfuzunu, nəticələrini, liderliyini fanat/azarkeş ordusundan başqa çox az insan düşünür. Müxtəlif yollarla onlar da zaman-zaman aldadılır. Cavabdehlər həmişə olduğu kimi gizlənir, vaxt udulur. Bir qədər sakitlik yaransın – üzə çıxacaqlar…
Sadəlöhvlüklə “Neftçi”ni bataqlığa sürükləyənlərin getməsi gözlənilir. Onlar min yolla klubu ələ almayıblar ki, öz xoşları ilə getsinlər?! “Neftçi” belələrinə maraqlı deyil, maraqlar başqadır…
Göndərilmə, yolasalma çox yumşaq ifadələrdir. İstefa? İndiki “Neftçi” rəhbərliyi leksikonunda belə söz, anlayış yoxdur!
“Neftçi”dəki vəziyyətlə bağlı kifayət qədər fikir bildirilib. Deyilən söz öz dəyərini itirməməlidir. İndi səlahiyyətlilərin qərar vermək zamanıdır!
“Neftçi” azarkeşləri müraciət edirlər, nəyin necə olacağı ilə bağlı fikir istənilir. Başadüşüləndi, fanat/azarkeşlər indiki nəticəsizliyi haqq etmir.
Şəxsimizə verdikləri dəyərə, göstərdikləri dəstəyə, unutmadıqlarına görə hər birinə xüsusi təşəkkürümü bildirirəm!
“Neftçi” ideologiyası məhv edilib. Strateji olaraq biabırçı nəticələrdən sonra çoxdan qəti addımlar atılmalı idi. Futbolda bir ay yarım ilə, altı ay minimum mövsümə, hətta 2-3 ilə bərabərdir. Böyük futbolu dərk etməyənlər bunları bilməz!
“Neftçi” adına zamanında qəti addımlar atılmırsa/atılmayıbsa, deməli, çox ciddi maraqlar toqquşub və bu maraqlar komandanın dirçəlməsi yolunda deyil, şəxsi mövqelərin, vəzifələrin qorunub saxlanılması yönündədır. Pozitiv yanaşılsa, ən yaxşı halda, futbol idarəçiliyi naşılığıdır…
“Problem maliyyə deyil, futbol idarəçiliyi bacarıqsızlığıdır!”
Klub idarəçiliyi, baş məşqçi, futbolçular, transferlər, büdcə mövzuları ayrı-ayrılıqda gündəmi zəbt edib. Bütün bunlar futbol sistemində bir-birinə sıx bağlı olan, ayrılmaz hissələrdir. “Neftçi” elə vəziyyətə salınıb ki, qeyd olunan problemlərə kompleks halda baxılmalı və qətiyyətlə qarşısı alınmalı, həll edilməlidir. “Neftçi” böyüklüyü dərk edilir, düşünülürsə…
Final oyununda “Neftçi TV”də bildirdiyim kimi, xoşladıqları büdcə mövzusu bir nömrəli məsələdirsə, onda büdcəyə uyğun rəqib qapısına minimum 3-4 top vurulmalıydı?!
Yeri gəlmişkən, meydanda nəticə olmasa da, verilişi də sonradan izləməyi azarkeşlərə çox gördülər…
SOCAR-ın yeni rəhbərliyi məlumatsız ola bilər, xatırladım, “Neftçi” Avropa Liqasının qrup mərhələsinə məşqçilər korpusu, legionerli, yerli futbolçular daxil 4,300,000 dollar vəsaitlə vəsiqə qazanıb. Bu da indiki kursla ortalama 8,000,000 manat edir!
“Neftçi”nin indiki büdcəsi hesabatda 15,000,000-a yaxın göstərilir. Əlavə olaraq kifayət qədər yeni büdcə artımı da gözlənilir. Artımsız olan vəsait “Neftçi”nin çempionluqları, kubokları qazanması, avrokuboklarda irəliləməsi, yenidən liderliyə qovuşması üçün yetərlidir. Problem maliyyə deyil, futbol idarəçiliyi bacarıqsızlığıdır!
“Neftçi”də nəticə əvəzinə transfer rekordları qırılır. Artıq 6 ay bəs etmir, hər 3-4 aydanbir bir dəstə legioner alınır/göndərilir. Sistemə salınmış “proses” davam edir. Belə yanaşma ilə güclü, sabit heyətin qurulması mümkünsüzdür! Əsas, iş keyfiyyəti deyil, bəhanələrlə sponsorları aldadıb büdcənin artırılmasıdır…
Bəs sponsor/təsisçi illərdi niyə aldanır?!
Bu illər ərzində “Neftçi”yə gətirilən idarəçi heyət çox ciddi araşdırılmalıdır. Onların özü yox, öncə kökün haradan gəlməsi… Ondan sonra əlcək kimi dəyişdirilən məşqçi/futbolçuların “Neftçi”də necə peyda olması prosesləri…
Avrokubokların startına qısa vaxt qalıb, ardınca çempionat, kubok oyunları, uzun marafon gəlir.
Meydanda “Neftçi”nin hansı idman firmasında çıxış etməsinə baxılmayacaq, məzmunlu oyuna, qazanılan nəticələrə qiymət veriləcək!
Dəyərli fanatlar, azarkeşlər, münasibətiniz, verdiyiniz qiymət, göstərdiyiniz hörmət unudulmazdır, qarşılıqlıdır. Dərk edənlər üçün bundan böyük zirvə yoxdur! Siz, ümumilikdə, Azərbaycan azarkeşi ən böyük qələbələrə layiqdir!
Təki “Neftçi”, ölkə futbolu, dağılmış, dağıdılmış klublarımız bərpa edilsin, yenidən dirçəlsin!”
Tahir Süleymanov