Azərbaycan şahmatçısı Teymur Rəcəbov bu gün dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun 6-cı mərhələsində yarımfinala vəsiqə qazana bilər.
Arena.az xəbər verir ki, “The FTX Crypto Cup” adı verilən bu mərhələdə bu gün 1/4 final mərhələsinin cavab görüşləri keçiriləcək.
Rəcəbov yaırmfinala vəsiqə uğrunda niderlandlı Aniş Giri ilə mübarizə aparır. 34 yaşlı qrossmeyster ötən gün bu rəqiblə ilk 3 partiyada heç-heçəyə razılaşsa da, sonuncu dueldən qalib ayrılıb – 1:0. Beləliklə, ilk oyun günündə Azərbaycan şahmatçısı 2,5:1,5 hesablı qələbə qazanıb. Teymura yarımfinal vəsiqə üçün heç-heçə də kifayət edəcək. Amma ümumi hesab bərabərləşsə, tay-brek oynanılacaq.
Aniş Giri (Niderland) – Teymur Rəcəbov (Azərbaycan) 1,5:2,5
Fabiano Karuana (ABŞ) – Yan Nepomnyaşi (Rusiya) 2:2
Hikaru Nakamura (ABŞ) – Maqnus Karlsen (Norveç) 2:2
Maksim Vaşye-Laqrav (Fransa) – Uesli So (ABŞ) 1:3
Qeyd edək ki, Teymur Rəcəbov təsnifat mərhələsində 8,5 xal yığaraq, Karlsenlə 6-7-ci yerləri bölüşüb. Bu nəticə onun 1/4 finala vəsiqə qazanmasına imkan verib. Azərbaycanın digər şahmatçısı Şəhriyar Məmmədyarov isə 7,5 xalla 10-cu yeri tutub və mübarizəni dayandırıb.
31 mayda başa çatacaq bu turnirin mükafat fondu 220 min ABŞ dollarıdır. Bundan əlavə 100 min dollar məbləğində bitkoin bonus da nəzərdə tutulub.


