Teymur və Ülviyyə növbəti mərhələdə, Şəhriyar uduzdu

Azərbaycan millisinin üzvləri Teymur Rəcəbov və Ülviyyə Fətəliyeva Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunda 3-cü mərhələyə yüksəliblər.

Arena.az xəbər verir ki, Azərbaycanda təşkil olunmuş Dünya Kubokunda ötən gün ikinci mərhələnin cavab görüşləri başa çatıb.

Azərbaycan şahmatçılarından yalnız Teymur Rəcəbovla Ülviyyə Fətəliyeva növbəti mərhələyə birbaşa vəsiqə qazana bilib.

İlk görüşdə heç-heçə edən Teymur macar Viktor Erdoşla cavab oyununda uğur qazanıb. Qara fiqurlarla mübarizə aparan Rəcəbov rəqibi təslim olmağa məcbur edib. İki görüşün nəticəsinə əsasən 1,5-0,5 hesablı qələbə qazanan Teymur Rəcəbov növbəti mərhələyə adlayıb.

Xanım şahmatçılarımızdan Ülviyyə Fətəliyeva da ümidləri doğruldub. Qara fiqurlarla Polşa təmsilçisi Monika Soçkonu üstələyən şahmatçımız mübarizəni davam etdirmək imkanı qazanıb. İki oyunun nəticəsinə əsasən Ülviyyə 1,5-0,5 hesablı qələbə qazanıb.

Dünya Kubokunda gözlənilməz nəticə Tin Jinqao (Sinqapur)-Şəhriyar Məmmədyarov (Azərbaycan) partiyasında qeydə alınıb. Ağ fiqurlarla çox diqqətli oyun sərgiləyən Tin Jinqao cavab matçında Şəhriyar Məmmədyarov üzərində qələbə qazanıb. 1,5-0,5 hesablı nəticə Sinqapur şahmatçısını növbəti mərhələyə çıxarıb. Şəhriyar Məmmədyarov isə yarışla erkən mərhələdə vidalaşıb.

Vüqar Əsədli FIDE təmsilçisi Yan Nepomnyaşi ilə görüşdə heç-heçəyə razılaşıb. İlk partiyada qələbə qazanan Yan Nepomnyaşi üçüncü mərhələyə adlayıb. Misrəddin İsgəndərov Hindistan şahmatçısı Domaradju Qukeşə hər iki partiyada uduzmaqla yarışdan kənarda qalıb. Aydın Süleymanlı və Vasif Durarbəyli isə müvafiq olaraq Parham Maqsudlu (İran) və Jül Mussara (Fransa) qarşı görüşlərdə iki partiyanın ümumi nəticəsində məğlubiyyət acısı yaşayıblar.

Qadınların yarışında Günay Məmmədzadə, Gövhər Beydullayeva və Gülnar Məmmədova da Dünya Kubokunun 1/32 finalında mübarizəni dayandırıblar.

Azərbaycan şahmatçılarından Nicat Abasov, Eltac Səfərli, Rauf Məmmədov, Qədir Hüseynov və Abdulla Qədimbəyli hər iki görüşdə heç-heçə oynadığından həlledici mərhələ sayılan tay-brekdə çıxış edəcəklər.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: