Tiaqo Silva: “Qarabağ”ın bizdən üstün olduğunu düşünmürəm”

“Zirə”nin portuqaliyalı qapıçısı Tiaqo Silva “Qarabağ”ın Avropa Liqasında “Braqa”ya qarşı keçirəcəyi oyunlar barədə fikirlərini paylaşıb.

Arena.az xəbər verir ki, Ağdam təmsilçisi ilə Portuqaliya klubu arasındakı ilk oyun fevralın 15-də Braqada baş tutacaq.

Bu oyun ərəfəsində Portuqaliya mətbuatı Azərbaycanda çıxış edən Tiaqo ilə əlaqə saxlayıb. “Zirə”nin 23 yaşlı qolkiperi ölkəmiz və “Qarabağ” barəsində düşüncələrini dilə gətirib:

“Avropadakı “Qarabağ” Azərbaycan çempionatındakından fərqlidir. Komanda burada daha çox dominant, meydanın rəqibə aid hissəsində oynamağı sevir. Avropada isə əksinədir. Sürətli keçidləri olur. Çünki çox sürətli hücumçuları var. Boş mövqe tapsalar, bundan effektli şəkildə yararlanacaqlar”.

Tiaqo “Braqa”nı cütün favoriti adlandırıb: “Ancaq onlar oyuna ciddi yanaşmalıdırlar. Asan olacağını düşünürlərsə, yanlışlığa yol verirlər. “Qarabağ”ın evdə uğurlu nəticə qazanmaq şansı çoxdur. Çünki “Braqa” Bakıya yorğun gələcək. Üstəlik, uzun yol qət edəcəklər. Azərbaycan komandası yanvardan bəri çox motivasiyalıdır. İlin əvvəlində onlarla yoxlama görüşü keçirdik, hələ o vaxtdan “Braqa” haqqında danışırdılar. Püşkatmadan bəri, yəni aylardır “Braqa” ilə oyunlara hazırlaşırlar”.

“Qarabağ”ın futbolçuları yüksək intensivliyə öyrəşməyiblər”

Tiaqo Silvanı ən çox narahat edən məqam hava şəraitidir: “Son bir neçə gündə hava yaxşılaşıb, lakin hər an küləkli ola bilər. Bu da xeyli çətinliklər yaradır. Soyuqlara dözmək olur, amma küləklə mübarizə aparmaq çətindir. Elə oyunlarımız olub ki, topa zərbə vururuq, geri qayıdır. Belə hal yaşanarsa, matç cəlbedici olmayacaq. Həmin vaxta qədər havanın daha yaxşı olacağına ümid edirəm”.

Portuqal qolkiperin fikrincə, Ağdam təmsilçisi yüksək templə ayaqlaşa bilmir: “Düşünürəm ki, “Qarabağ” “Bayer”lə oyundakı kimi qapalı futbol sərgiləyəcək. Belədə “Braqa” topla sürətli davranmalı olacaq. “Qarabağ”ın futbolçuları yüksək intensivliyə öyrəşməyiblər. Top bir qapıçıdan digərinə sürətlə keçərsə, çətinlik çəkəcəklər. Portuqaliyada daha sürətli oyunlar keçirilir. Burada belə deyil. “Qarabağ”ın bizə, “Sabah”a və “Neftçi”yə qarşı gərgin oyunları olur. Amma digər komandalar çox qapalıdır və daha ləng çıxış edirlər. “Braqa” çempionatın ən yaxşı hücumçularından birinə sahibdir. “Qarabağ”ın müdafiəçiləri isə təkbətək mübarizə aparan rəqiblərə öyrəşməyiblər”.

Silva “Qarabağ”ın ölkədaxili yarışlarda uğurunun əsas səbəbini sabitlikdə görür: “Qarabağ” Azərbaycanın ən yaxşı komandasıdır, ona hörmətlə yanaşmaq lazımdır. Biz isə sistemi bir az dəyişdik və indi onlarla mübarizə aparırıq. “Qarabağ”ın bizdən üstün olduğunu düşünmürəm. Sadəcə, imkanları genişdir, daha sabitdirlər. Titul uğrunda mübarizə aparmaq üçün iki eyni səviyyəli heyətə malikdirlər. Bizdə nisbətən kasad heyət var”.

Xatırladaq ki, Tiaqo Silva 2023-cü ilin iyul ayından formasını geyindiyi “Zirə”də 23 oyuna çıxıb. O, bu oyunlarda 14 qol buraxıb, 10 matçda qapısının toxunulmazlığını təmin edə bilib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: