Tokio-2020: Məmmədəli Mehdiyev də medalsız qaldı

Tokio-2020 Yay Olimpiya Oyunlarında cüdo yarışları davam edir. Arena.az xəbər verir ki, Azərbaycanı Olimpiadada təmsil edən daha bir cüdoçumuz – Məmmədəli Mehdiyev də bu gün qüvvəsini sınayıb.

90 kq çəki dərəcəsində çıxış edən idmançı 1/16 final mərhələsində İslam Bozbayevlə (Qazaxıstan) üz-üzə gəlib. Əsas vaxtda qalib müəyyənləşməyib. Qızıl xal bölümündə rəqibinə vazari ilə qalib gələn Mehdiyev 1/8 finala yüksəlib. O, bu raundda rusiyalı Mixail İqolnikovla qarşılaşıb. Rəqibinə vazari xalı ilə məğlub olan Mehdiyev olimpiada ilə vidalaşıb.

Qeyd edək ki, Azərbaycan Tokio-2020-də 9 cüdoçu ilə təmsil edilir. Daha əvvəl Kəramət Hüseynov (60 kq), Aişə Qurbanlı (48 kq), Orxan Səfərov (66 kq), Rüstəm Orucov (73 kq) və Murad Fətiyev (83 kq) yarışı medalsız başa vurub. Orucov bürünc medal uğrunda görüşdə uduzub və 5-ci yerlə kifayətlənib.

Tokio-2020 Yay Olimpiya Oyunları avqustun 8-nə qədər davam edəcək.

Xəbəri sosial şəbəkələrdə paylaş: