Almaniyalı futbolçu Tomas Müller MLS-də mübarizə aparan Kanadanın “Vankuver Uaytkeps” klubu ilə müqaviləsinin müddətini uzadıb.
Arena.az xəbər verir ki, bu barədə MLS təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Yeni sözləşmə 2027-ci ilin sonunadək qüvvədə olacaq.
Qeyd edək ki, MLS-də gələn ildən etibarən mövsümün Avropa futbol təqviminə uyğunlaşdırılması planlaşdırılır. Bu səbəbdən 2027-ci il mövsümü qısaldılmış formatda keçiriləcək.
Tomas Müller 2025-ci ilin avqustundan Kanada klubunun formasını geyinir. Futbolçu bu müddətdə bütün turnirlərdə 45 oyuna çıxıb, 19 qol vurub və 11 məhsuldar ötürmə edib.
Xatırladaq ki, 2024/2025-ci illər mövsümünün başa çatması ilə Tomas Müller 25 il ərzində uğurları üçün çalışdığı Almaniya nəhəngi “Bayern”dən ayrılmış və “Vankuver Uaytkeps”ə keçmişdi.
Müller “Bayern”in məzunudur. Veteran hücumçu 2000-ci ildən Münhen təmsilçisinin düşərgəsində olub və 2009-cu ilin iyul ayından klubun əsas komandasında çıxış edib. Müllerin “Bayern”in heyətində çıxışının mənzərəsi 756 oyun, 250 qol, 276 məhsuldar ötürmədən ibarətdir.
Müller 2010-cu ilin mart ayında debüt etdiyi Almaniya yığmasının heyətində 131 oyuna 45 qol və 41 məhsuldar ötürmə ilə fərqlənib.
“Transfermarkt” internet-portalı 37 yaşlı veteran hücumçunun transfer dəyərini 4 milyon avro məbləğində qiymətləndirir.


