Tomas Müller “Los Anceles Qalaksi” ilə oyunda zədələnib

“Vankuver Uaytkeps”in hücumçusu Tomas Müller MLS-in son turunda “Los Anceles Qalaksi” ilə oyunda sağ bud nahiyəsindən zədə alıb.

Arena.az xəbər verir ki, 37 yaşlı almaniyalı futbolçu sentyabrın 9-da keçirilmiş qarşılaşmaya start heyətində başlayıb və 8-ci dəqiqədə Brayan Uaytın hesabı açmasına məhsuldar ötürmə ilə kömək edib.

Lakin 22-ci dəqiqədə “Los Anceles Qalaksi”nin müdafiəçisi Xulian Aude Müllerin sağ bud nahiyəsinə dizlə sərt zərbə endirib. Tomas Müller oyunu davam etdirməyə çalışsa da, ağrının artması səbəbindən 27-ci dəqiqədə əvəzlənməsini istəyib. Almaniyalı futbolçunun yerinə Şeyx Sabali meydana daxil olub.

“Vankuver Uaytkeps”in baş məşqçisi Yesper Sorensen oyundan sonra Müllerin zədəsinin uzunmüddətli olmadığını bildirib. Mütəxəssis bunun güclü əzələ əzilməsi olduğunu və sıx oyun qrafiki səbəbindən futbolçunun növbəti matçda iştirakının sual altında qaldığını qeyd edib.

“Uaytkeps” sentyabrın 13-də “Austin”lə qarşılaşacaq. Həmin gün Müllerin 37 yaşı tamam olacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: