Futbol üzrə Azərbaycan milli komandasının sol cinah müdafiəçisi Toral Bayramov “Bursaspor”un heyətində ilk rəsmi oyununa çıxıb.
Arena.az xəbər verir ki, Bursa təmsilçisi ötən gecə Türkiyə Birinci Liqasının 2026/2027-ci illər mövsümündə ilk oyununu keçirib.
Sözügedən komanda səfərdə “Bodrumspor”la qarşılaşıb. Oyun “Bursaspor”un 2:0 hesablı qələbəsi ilə başa çatıb. Toral matçın 46-cı dəqiqəsində – komandası 2:0 öndə olarkən meydana daxil olub. Bu, Toralın “Bursaspor”da ilk rəsmi oyunu olub.
Xatırladaq ki, Toral Bayramov bu ilin iyun ayında “Qarabağ”dan “Bursaspor”a keçib. Müdafiəçinin Türkiyə klubu ilə 2029-cu ilin 30 iyununa qədər müqaviləsi mövcuddur.
2020-ci ildən “Qarabağ”ın əsas komandasında çıxış edən Toral Bayramov bu müddətdə 254 oyunda 37 qol vurub, 46 məhsuldar ötürmə verib. O, komanda ilə 5 dəfə Azərbaycan çempionu olub, 2 dəfə Azərbaycan Kubokunu qazanıb.
Bayramov 2021-ci ildə debüt etdiyi Azərbaycan millisinin heyətində meydana çıxdığı 40 oyunda 5 qola imza atıb, 3 məhsular ötürmə verib. Toral əvvəllər U-19 və U-21 yığmalarımızın da formasını geyinib.


