“Torino”da Duvan Sapata şoku

Futbol üzrə Kolombiya millisinin və İtaliyanın “Torino” klubunun hücumçusu Duvan Sapata uzun müddətə sıradan çıxıb.

Arena.az xəbər verir ki, 33 yaşlı forvardın İtaliya A Seriyasının 7-ci turu çərçivəsində “İnter”ə qarşı oyunda aldığı zədənin ciddi olduğu üzə çıxıb.

Komandasının 2:3 hesabıyla uduzduğu, hətta bir qol vurduğu oyunun sonlarında ağır zədə alan hücumçu meydanı tərk etmək məcburiyyətində qalmışdı. Sol dizinin çarğaz bağlarında zədə aşkarlanmış təcrübəli oyunçunun əməliyyat olunmasına qərar verilib. Onun ən azı 7 ay müddətinə yaşıl meydanlardan kənarda qalacağı bildirilir.

Yeri gəlmişkən, “Torino”nun artıq Sapatanın əvəzinə yeni hücumçu axtarışına çıxdığı bildirilir. Qalmaqallı italyan hücumçu Mario Balotellinin Turin klubunda peyda olması istisna edilmir. O, “Torino”ya azad agent qismində qoşula bilər. Lakin Balotellinin xidmətindən turinlilərdən başqa “Cenoa” da maraqlıdır. Yaxın günlərdə italiyalı hücumçunun seçim etməsi gözlənilir.

Duvan Sapata “Torino”ya bu ilin iyul ayında “Atalanta”dan 8,6 milyon avro müqabilində keçmişdi. Təcrübəli forvard ötən mövsümü də icarə əsasında Turin klubunun heyətində keçirib. Kolumbiyalı futbolçunun “Torino” karyerası 45 oyun, 16 qol və 4 məhsuldar ötürmədən ibarətdir.

Sapata karyerası ərzində “Atalanta”, “Udineze”, “Napoli”, “Estudiantes”, “Amerika”, “Sampdoriya” kimi klubların da formasını geyinib. Duvan Sapata 2017-ci ilin mart ayında debüt etdiyi Kolumbiya yığmasının heyətində 34 oyun keçirib, 4 qol vurub, 2 məhsuldar ötürmə müəllifi olub.

“Transfermarkt” internet-portalı 33 yaşlı hücumçunun transfer dəyərini 8 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: