İngiltərənin “Çelsi” klubu mərkəz müdafiəçisi Trevo Çaloba ilə müqaviləsinin müddətini artırıb. Arena.az xəbər verir ki, bu barədə “zadəganlar”ın mətbuat xidməti məlumat yayıb.
Syerra Leonedə anadan olmasına baxmayaraq, İngiltərə vətəndaşlığına malik olan və bu ölkənin müxtəlif yaş qrupları üzrə yığmalarında oynamış 23 yaşlı oyunçu 2028-ci ilə qədər “Çelsi”də qalacaq. Anlaşmanın avtomatik olaraq, daha bir il artırılması da nəzərdə tutulub.
Müdafiəçi yeni müqavilədən məmnun olduğunu açıqlayıb: “Klubumun qalmağımda israrlı olması məni məmnun etdi. Hisslərimi ifadə edə bilmirəm. “Çelsi” üçün hər şeyimi verməyə hazıram”.
Trevo Çaloba “Çelsi”nin öz yetirməsidir. O, əvvəlki mövsümlərdə “İpsviç Taun”, “Haddersfild Taun” və “Loryan” klublarında icarədə oynayıb. Müdafiəçi İngiltərənin U-16, U-17, U-19, U-20 və U-21 yığmalarında forma geyinsə də, əsas milliyə dəvət almayıb.
Çaloba “Çelsi”nin əsas komandasında cəmi 43 oyuna çıxıb. O, bu oyunlarda 4 qol vurub, 2 məhsuldar ötürmə müəllifi olub.


