“Turan” – “İmişli” matçının yeri dəyişdirildi – Voleybola görə

Azərbaycan Premyer Liqasının 8-ci turunda, oktyabrın 18-də keçirilməli olan “Turan Tovuz” – “İmişli” matçının yeri dəyişdirilib.

Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, oktyabrın 20-də Tovuz Olimpiya İdman Kompleksində voleybolçu qadınlar arasında Çempionlar Liqası çərçivəsində “Turan” VK – “Mladost” (Xorvatiya) oyununun keçirilməsi ilə bağlı ümumi təşkilati və infrastruktur məsələlərini rəhbər tutan “Turan Tovuz” Peşəkar Futbol klubu Peşəkar Futbol Liqasına müraciət edib.

Klub müraciətdə Azərbaycan Premyer Liqasının 8-ci turu çərçivəsində oktyabrın 18-də keçirilməsi nəzərdə tutulan “Turan Tovuz” – “İmişli” oyunu ilə 18-ci turdakı “İmişli” – “Turan Tovuz” qarşılaşmasının yerinin dəyişdirilməsi ilə bağlı istəyini ifadə edib. “Turan Tovuz” klubunun müraciəti, “İmişli” klubunun razılıq məktubunu nəzərə alan PFL ölkəmizdə baş tutacaq Çempionlar Liqası qarşılaşmasının daha yaxşı təşkil olunmasını rəhbər tutaraq “Turan Tovuz” və “İmişli” klubları arasında 1-ci və 2-ci dövrədə baş tutacaq oyunların yerini dəyişib. Beləliklə, 8-ci turda bu komandalar arasındakı oyun 18 oktyabr saat 15:00-da Yevlax şəhər stadionunda reallaşacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: