Tyaqo Bezerra da “Neftçi”dən getdi

Neftçi” PFK hücumçusu Tyaqo Bezerra ilə yollarını ayırıb. Arena.az xəbər verir ki, bu barədə paytaxt klubunun rəsmi saytı məlumat yayıb.

35 yaşlı futbolçu ilə müddəti başa çatan müqaviləni yeniləməyə ehtiyac duyulmayıb. Bakı klubu braziliyalı futbolçuya təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

Tyaqo Bezerra 2021-ci ilin sentyabrında “Neftçi”yə transfer olunmuşdu. O, “ağ-qaralar”ın heyətində 25 oyuna çıxıb, 10 qola imza atıb. Təcrübəli futbolçu geridə qalan mövsümdə komandanın bombardiri olub. Lakin komandaya bir neçə gün öncə baş məşqçi təyin olunmuş rumıniyalı Laurentsiu Regekampf onu da saxlamağa ehtiyac duymayıb.

Xatırladaq ki, Bezerra daha öncə Belçikanın “La Luvyer” (2005-2006), Braziliyanın “Qama” (2008), “İtuano” (2012, 2013), CRB (2012), Türkiyənin “Altay” (2008-2010), “Karşıyaka” (2010-2011), “Adanaspor” (2013-2015), “Adana Dəmirspor” (2016, 2017), Küveytin “Əl-Ərəbi” (2015), Səudiyyə Ərəbistanının “Əl-Kadisiya” (2016-2017), Özbəkistanın “Paxtakor” (2017-2018), Qətərin “Əl-Xor” (2019-2020) və “Əl-Sailiya” (2020-2021) klublarında çıxış edib. Bezerra 2015/2016 mövsümündə Küveyt Federasiya Kubokunun ən yaxşı futbolçusu və bombardiri, 2018-ci ildə isə Özbəkistan Super Liqasının ən yaxşı futbolçusu olub.

“Neftçi” daha öncə Hüqo Basto, Kamran İbrahimov, Emin Zamanov və Ramon Maçado ilə də yollarını ayırmışdı. Paytaxt klubu Turan Vəlizadə və Xəyal Nəcəfovla müqaviləni yeniləyərək onları “Turan Tovuz”a icarəyə verib. Bakılılar bu yay “Şamaxı”da icarədə olan Rəhman Hacıyevi geri qaytarıb, həmçinin Ataa Caber və Qodsvey Donyonu transfer edib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: