U-16 Azərbaycan millisi Türkiyədə toplanışa başladı

17 yaşadək qızlardan ibarət (U-16) basketbol üzrə Azərbaycan millisi təlim-məşq toplanışı üçün Türkiyəyə yola düşüb. Arena.az xəbər verir ki, Evren Alkayanın rəhbərlik etdiyi millimiz aprelin 11-dən İstanbul şəhərində hazırlıq keçir.

U-16 yığmamız gündə iki dəfə olmaqla məşqlərini davam etdirir.

Azərbaycan millisi hazırlıq prosesi çərçivəsində “Qalatasaray”, “Fənərbaxça”, “Beşiktaş” və “Darruşafaka” kimi məşhur klubların eyni yaş qrupundan olan komandalarla yoldaşlıq görüşləri keçirməsi də planlaşdırılır.

Təlim-məşq toplanışı 22 aprelə qədər davam edəcək. Toplanışdakı əsas hədəf 18-23 iyul aralığında Andorrada baş tutacaq Avropa çempionatının C divizionu oyunlarına hazırlaşmaqdır.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: