U-21 millimiz Şotlandiyada 5 qola üzüldü

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi (U-21) bu gün Avropa çempionatının seçmə mərhələsində növbəti sınağına çıxıb.

Arena.az xəbər verir ki, AÇ-2027-nin seçmə mərhələsinin B qrupunda yer almış millimiz 9-cu oyununda Şotlandiyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.

Rəşad Eyyubovun baş məşqçisi olduğu kollektiv bu rəqiblə səfərdə üz-üzə gəlib. Kilmarnokda təşkil edilmiş oyunu Norveçdən olan hakimlər briqadası idarə edib.

Qarşılaşmada hesabı millimiz açıb. Nəriman Axundzadə fərqlənib. Amma bu üstünlüyü tez əldən verən komandamız elə ilk hissədəcə 3 qol buraxıb. İkinci hissədə millimiz daha bir qol vurmasına rəğmən, iki top da buraxıb. Beləliklə, 7 qolluq bu görüşdə meydan sahibləri darmadağına seviniblər.

U-21 millimiz altı komandanın yer aldığı B qrupunda hazırda 7 xalla beşinci pillədə qərarlaşıb. Şotlandiya isə 14 xalla üçüncüdür.

Qeyd edək ki, Azərbaycan millisi seçmə mərhələdə növbəti və sonuncu matçını oktyabrın 6-da evdə Cəbəllütariq yığmasına qarşı keçirəcək.

AÇ-2027-nin seçmə mərhələsi
B qrupu

30 sentyabr

Şotlandiya – Azərbaycan 5:2
Qollar: Barni Stüart, 24; 26. Ceyms Uilson, 28. Tayler Fletçer, 60. Bobbi Uels, 80 – Nəriman Axundzadə, 21. Raul Məmmədov, 70.
Baş hakim: Matius Stöfrinqshauq (Norveç)
Baş hakimin köməkçiləri: Erlan Hareland, Edvard Helgerud (hər ikisi Norveç)
Dördüncü hakim: Məhəmməd Osman Aslam (Norveç).
Kilmarnok. “Reqbi Park” stadionu.

Xallar: Portuqaliya – 22. Çexiya – 18. Şotlandiya – 14. Bolqarıstan – 14. Azərbaycan – 7. Cəbəllüttariq – 0.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: