UEFA “Barselona”nın Hakimlər Texniki Komitəsi sədrinin sabiq müavini Neqreyra ilə bağlı iş üzrə intizam araşdırmasını yenidən başladıb.
Arena.az xəbər verir ki, bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb.
Qurum bildirib ki, “Real” Neqreyra işi ilə bağlı UEFA-ya əhəmiyyətli həcmdə sənədlər təqdim edib. Qurumun etika və intizam üzrə müfəttişləri də iş üzrə yeni sənədlər əldə edib və onları davam edən araşdırma çərçivəsində nəzərdən keçirəcəklər.
“Real” iyun ayında UEFA-ya təqdim etdiyi hesabatda “Barselona”nın bir sıra titullardan məhrum edilməsini tələb edib.
AS nəşrinin məlumatına görə, UEFA 2001–2018-ci illər arasında baş verən hadisələrin bütün təfərrüatlarını müəyyənləşdirmək istəyir. Həmin dövrdə “Barselona” Neqreyraya ümumilikdə 8,4 milyon avro ödəyib.
2023-cü ildə “Barselona” Neqreyraya edilən ödənişlərlə bağlı rüşvət ittihamı ilə üzləşib. KİV-in məlumatına görə, 2001–2018-ci illərdə Neqreyra klubdan hakimlərlə bağlı məsləhət xidmətlərinə görə təxminən 7 milyon avro alıb.
İspaniya mətbuatının yazdığına görə, Neqreyranın şirkəti “Barselona”nın hər çempionat və İspaniya Kuboku matçından əvvəl kluba hakim barədə yazılı hesabat və qarşılaşmanı idarə edəcək referinin profilinin təhlilini əks etdirən video təqdim edib.
“Real” “Barselona”nın avrokuboklardan kənarlaşdırılmasını və Neqreyranın Hakimlər Texniki Komitəsində çalışdığı dövrdə qazandığı titullardan məhrum edilməsini tələb edir. Həmin illərdə “Barselona” 9 dəfə İspaniya çempionu olub, 6 dəfə Kral Kubokunu və 8 dəfə İspaniya Super Kubokunu qazanıb.
Qeyd edək ki, “Barselona” Neqreyra işi ilə bağlı ittihamları rədd edib. İş üzrə yekun qərar hələ açıqlanmayıb.


