UEFA-dan “Barselona” və Flikə “cəza buketi”

UEFA “Barselona”nın baş məşqçisi Hans-Diter Fliki və “blauqrana”nın oyunçuları – Lamin Yamal və Robert Levandovskini cəzalandırıb.

Arena.az bu barədə “Marca” nəşrinə istinadən məlumat verir.

“Blauqrana”nın təmsilçiləri Çempionlar Liqasının 2024/2025-ci illər mövsümünün “İnter”lə Milanda keçirilmiş cavab oyununda (4:3, əsas vaxt 3:3; ilk oyun 3:3) çıxardıqları hoqqalara görə cərimələniblər.

60 yaşlı alman mütəxəssis “Hansi” Flik davranışın ümumi əsaslarını və ləyaqətli davranışın əsas qaydalarını pozduğu üçün, UEFA bayrağı altında keçirilən yarışlarda 1 oyunluq cəza alıb. Flik həmçinin müvafiq qayda pozuntuları müqabilində 20 min avro məbləğində cərimə ödəməyə mükəlləf edilib. Flikin köməkçisi, 59 yaşlı alman mütəxəssis Markus Zorq da eyni qaydada cəzalandırılıb və cərimələnib.

“Blauqrana”nın ulduzları – 18 yaşlı ispaniyalı sağ cinah hücumçusu Lamin Yamal və 36 yaşlı polyak mərkəz hücumçusu Robert Levandovski – hər biri 5 min avro məbləğində cərimə ödəməyə mükəlləf edilib. Buna səbəb, adları çəkilən futbolçuların “İnter”lə cavab oyunundan dərhal sonra dopinq əleyhinə yoxlamanın tələbləri əsasında müayinədən keçmək üçün nəzarət-buraxılış məntəqəsinə gəlmək haqda xahişi qulaqardına vurmaları olub.

Xəbəri sosial şəbəkələrdə paylaş: