Ueyn Runi yenidən ABŞ-da – bu dəfə baş məşqçi kimi!

Ötən ay İngiltərənin “Derbi Kaunti” komandasının baş məşqçisi postundan ayrılan Ueyn Runi özünə yeni iş yeri tapıb. Arena.az xəbər verir ki, 36 yaşlı mütəxəssis bundan sonra ABŞ-ın “Di Si Yunayted” komandasına rəhbərlik edəcək.

Bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb. Lakin tərəflər arasındakı müqavilənin müddəti və digər detalları açıqlanmayıb.

Di Si Yunayted” baş məşqçisi Hernan Losadanı aprel ayında istefaya göndərmişdi. MLS təmsilçisinə həmin vaxtdan bəri müvəqqəti olaraq Çad Eşton rəhbərlik edirdi. Klubun yaydığı məlumata görə, Runi ABŞ-da işçi vizası alana qədər komandaya yenə Eşton rəhbərlik edəcək.

Ueyn Runi futbolçu karyerası dönəmində də “Di Si Yunayted”də forma geyinib. O, bu komandanın heyətində meydana çıxdığı 52 oyunda 25 qol vurub.

“Everton”un yetirməsi olan Runi, 2004-2017-ci illər aralığında “Mançester Yunayted”də forma geyinib. 2017/18 mövsümünü yenə “Everton”da keçirmiş futbolçu, 2 il ABŞ-da legioner həyatı yaşadıqdan sonra 2020-ci ildə “Derbi Kaunti”yə transfer olunmuşdu. O, elə bu komandada karyerasını başa vurmuş və məşqçiliyə başlamışdı. Keçmiş hücumçu həm “Mançester Yunayted”, həm də İngiltərə yığmasının ən qolçu futbolçusudur. Runi yığma komandada 120 oyuna 53 qol vurub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: