Futbol üzrə Nigeriya milli komandasının mərkəz müdafiəçisi Uilyam Troost-Ekonq İngiltərənin “Uotford” klubundan ayrılıb. Arena.az xəbər verir ki, 29 yaşlı futbolçu bundan sonrakı karyerasını İtaliyanın “Salernitana” klubundan davam etdirəcək.
Bu barədə sözügedən klubların mətbuat xidmətləri məlumat yayıb. A Seriyası təmsilçisi Uilyamı bu mövsümün sonuna kimi satınalma şərti ilə icarəyə götürüb.
Uilyam Troost-Ekonq 2020-ci ilin sentyabr ayından “Uotford”un uğurları üçün çalışırdı. O, bu komandanın heyətində meydana çıxdığı 68 oyunda 2 qol da vurub. Niderlandda dünyaya göz açmış futbolçu, peşəkar karyerasına bu ölkənin “Qroningen” komandasında başlayıb. O, “Dordrext”, “Hauqesund”, “Bursaspor” və “Udineze” kimi klubların da formasını geyinib. Vaxtilə Niderlandın U-19 və U-20 yığmalarına cəlb olunmuş futbolçu, 2015-ci ildən Nigeriya milli komandasına dəvət almağa başlayıb. O, yığmada 63 oyuna 4 qol vurub.
“Salernitana” “Yuventus”un yarımmüdafiəçisi Hans Nikolussi Kavilyanı da heyətinə cəlb edib. 22 yaşlı futbolçu bu mövsümün sonuna kimi satınalma şərtilə icarəyə götürülüb. Lakin müqavilədə Turin klubunun bu futbolçunu təkrar geri alması ilə də bağlı şərt var.
Hans Nikolussi “Yuventus”un öz yetirməsidir. İtaliyadan olan gənc futbolçu daha öncə “Peruca”, “Parma” və “Südtirol”da da icarədə olub. O, İtaliyanın U-17, U-18, U-19 və U-21 yığmalarında da forma geyinib.


