“Sabah”ın yarımmüdafiəçisi Umarali Rahmonaliyev dünya çempionatında çıxış edəcək Özbəkistan millisinin heyətindən kənarda qalıb.
Arena.az xəbər verir ki, komandanın italiyalı baş məşqçisi Fabio Kannavaro onun adını 26 futbolçudan ibarət yekun siyahıya daxil etməyib.
Beləliklə, Rahmonaliyev mundialda iştirak etməyəcək. Bu üzdən də qarşıdakı dünya çempionatında Azərbaycan Premyer Liqasını bir futbolçu təmsil edəcək. “Turan Tovuz”un müdafiəçisi Roderik Miller Panama millisinin heyətində yarışa qatılacaq.
Mundial iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada baş tutacaq.
Xatırladaq ki, Umarali Rahmonaliyev 2025-ci ilin yanvarından “Sabah”ın uğurları üçün çalışır. O, bu müddət ərzində “Sabah”ın heyətində 55 oyuna çıxıb, 8 qol və 7 məhsuldar ötürmə müəllifi olub. O, paytaxt klubu ilə 1 dəfə Azərbaycan çempionu olub, 2 dəfə Azərbaycan Kubokunu qazanıb.
Rahmonaliyev daha öncə “Bunyodkor”da və “Rubin”də də forma geyinib. Özbəkistanın müxtəlif yaş qrupları üzrə yığmalarında oynamış Umarali 2024-cü ildə debüt etdiyi əsas millidə 3 oyuna çıxıb, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.


