“Uotford” növbəti mövsümdən futbol üzrə İngiltərə Premyer Liqasında mübarizə aparmaq hüququ qazanıb.
Arena.az xəbər verir ki, Çempionşipin 44-cü turunda doğma meydanda “Milluoll”u 1:0 hesabıyla məğlub edən “Uotford” sona iki tur qalmış Premyer Liqaya vəsiqəni təmin edib.
Hazırda bu komandanın hesabında 88 xal var və ikinci pillədə qərarlaşıb. Birinci yerdə isə 93 xalı olan və Premyer Liqaya vəsiqəni daha öncə təmin etmiş “Norviç Siti” qərarlaşıb.
Qeyd edək ki, Premyer Liqaya yüksələcək 3-cü klubun adına pley-off matçlarından sonra aydınlıq gələcək. Böyük ehtimalla pley-off qarşılaşmalarında “Brentford” (78 xalla 3-cü), “Bornmut” (77 xalla 4-cü), “Barnsli” (77 xalla 5-ci) və “Suonsi Siti” (76 xalla 6-cı) klubları üz-üzə gələcək.
Xatırladaq ki, “Uotford” ötən mövsüm Premyer Liqada mübarizə aparsa da, sonda 19-cu yeri tutaraq elita ilə vidalaşmışdı.


