Ürfan Abbasov “Qəbələ”ni “Araz-Naxçıvan”a dəyişdi – Rəsmi

Futbol üzrə Azərbaycan Premyer Liqasını tərk edən “Qəbələ”də müdafiəçi Ürfan Abbasov da komandadan getməyə qərar verib.

Arena.az xəbər verir ki, o, bundan sonra Premyer Liqanın digər təmsilçisi “Araz-Naxçıvan”ın uğurları üçün çalışacaq.

Bu barədə Naxçıvan klubu rəsmi saytı vasitəsilə məlumat yayıb. 31 yaşlı futbolçu ilə 1 illik müqavilə imzalandığı diqqətə çatdırılıb.

Ürfan Abbasovun 2011-ci ildən formasını geyindiyi “Qəbələ” ilə 2025-ci ilin 30 iyununa kimi müqaviləsi var idi. Amma görünür o, qarşıdakı mövsümü Birinci Liqada keçirəcək bu klubda qalmaq istəmədiyi üçün müqaviləsinə xitam verib.

Ürfan Abbasov 2019-cu ildə “Qəbələ”ni “Səbail”ə dəyişsə də, 2021-ci ilin iyulunda yenidən doğma klubuna qayıtmışdı. O, bu komandanın heyətində 300-dən çox oyun keçirib. Abbasov “qırmızı-qaralar”ın heyətində keçirilən oyun sayında rekordçudur.

“Qəbələ”nin artıq sabiq vitse-kapitanı bu komandanın heyətində keçirdiyi oyunlarda 6 qola da imza atıb. Ürfan “Qəbələ”də Premyer Liqanın iki gümüş (2016/2017, 2017/2018), üç bürünc (2013/2014, 2014/2015, 2015/2016) mükafatını qazanıb. O, iki dəfə Azərbaycan kubokunun qalibi (2018/2019, 2022/2023), üç dəfə finalçısı (2013/2014, 2016/2017, 2017/2018) olub.

Qeyd edək ki, “Araz-Naxçıvan”ın baş məşqçisi Elmar Baxşıyevdir. Hansı ki, o, uzun müddət “Qəbələ”də də Ürfanın baş məşqçisi olub. Abbasov da böyük ehtimalla məhz onun istəyi ilə Naxçıvan klubuna keçib.

Xatırladaq ki, “Qəbələ” 2023/2024 mövsümünün yekunlarına görə Azərbaycan Premyer Liqası ilə vidalaşıb. Sözügedən komandanı yeni mövsümdə elitada “Şamaxı” əvəz edəcək.

Xəbəri sosial şəbəkələrdə paylaş: