Almaniyanın “Union Berlin” klubu komandanın baş məşqçisi, isveçrəli mütəxəssis Urs Fişer ilə yollarını ayırmağa qərar verib.
Arena.az bu barədə Berlin klubunun rəsmi saytına istinadən məlumat verir.
Vurğulanır ki, müvafiq qərara Urs Fişerlə klub prezidenti Dirk Zinqler aralarındakı şəxsi söhbət zamanı birlikdə gəliblər.
Fişer 2018-ci ilin iyulunda “Union Berlin”in baş məşqçisi vəzifəsinə gətirilib. İsveçrəli mütəxəssis ilk mövsümdəcə “Dəmir İttifaqla” Bundesliqaya yüksəlməyi bacarıb. Sonra isə kollektiv Fişerin rəhbərliyi altında Bundesliqada inamla öz yerini qoruyub. Növbəti üç mövsümdə Urs Fişerin rəhbərlik etdiyi komanda turnir cədvəlində 7-ci, 5-ci və 4-cü yerləri tutaraq, klub tarixində ilk dəfə müvafiq olaraq Avropa Konfrans Liqasına, Avropa Liqasına və UEFA Çempionlar Liqasına vəsiqə qazanıb. Beləliklə, Urs Fişer klubun tarixinə bu günə qədər ən uğurlu məşqçi kimi daxil olub.
Fişer “Union Berlin”i bütövlükdə 224 oyuna çıxarıb. Komanda bu görüşlərdə 95 qələbə qazanıb, 58 heç-heçə edib və 71 məğlubiyyətə üzülüb. 57 yaşlı mütəxəssis daha öncə “Bazel”, “Tyun”, “Sürix” kimi klublarda da baş məşqçi kimi çalışıb.
Urs Fişerlə birlikdə köməkçi məşqçi Markus Hoffmann da klubu tərk edib. Berlin klubunun U-19 komandasının məşqçisi Marko Qrote növbəti bildirişə qədər əsas komandanı müvəqqəti baş məşqçi kimi çalışdıracaq.
Xatırladaq ki, “Union Berlin” bu mövsüm Almaniya Bundesliqasında 11 oyuna cəmi 2 qələbə qazanıb və 6 xalla sonuncu pillədə qərarlaşıb. Heç-heçəsi olmayan komanda qalan 9 görüşdə məğlubiyyətlə üzləşib.


