İngiltərənin “Vest Hem” klubu “Mançester Yunayted”in ingilis mərkəz müdafiəçisi Harri Maquayrla ciddi maraqlanır.
Arena.az bu barədə “The Telegraph”a istinadən məlumat verir.
Mənbənin məlumatına görə, yarımmüdafiəçi Deklan Raysın “Arsenal”a satılmasından sonra “çəkicdöyənlər” müvafiq namizəd axtarışındadırlar. “Vest Hem”in Maquayrı transfer etmək üçün kifayət qədər maddi vəsaiti var.
Harri Maquayra gəlincə, son mövsümün müdafiəçi üçün olduqca uğursuz keçməsinə rəğmən, Harri “qırmızı şeytanlar”ın düşərgəsində qalmaq və əsas heyətdə yer uğrunda mübarizə aparmaq istəyir. Lakin bu, “Vest Hem”in baş məşqçisi Devid Moyesi fikrindən daşındırmayıb. Moyes, Maquarı yüksək qiymətləndirir və transferin baş tutacağına inanır. “Çəkicdöyənlər” həmçinin tamhüquqlu transferdənsə, müdafiəçini icarəyə götürməkdə daha maraqlıdırlar.
30 yaşlı Maquayr çox güman ki, “Mançester Yunayted”in cari yay transfer pəncərəsində ayrıla biləcəyi futbolçulardandır. Maquayr “Mançester Yunayted”ə 2019-cu ilin yayında 80 milyon funt-sterlinq qarşılığında “Lester”dən keçib. Tərəflər arasında müqavilə 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Geridə qalmış 2022/2023 mövsümündə Maquayr “qırmızı şeytanlar”ın heyətində 31 oyuna çıxıb, məhsuldar fəaliyyəti ilə fərqlənməyib.
“Transfermarkt” internet-portalı Harri Maquayrı 20 milyon avro məbləğində qiymətləndirir.


